Bakı. Trend:
Azərbaycan elmi bu gün özünün yeni inkişaf dövrünü yaşayır.
Trend xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, bu gün elmi nəticələrin innovasiyalara çevrilməsi dövlətin əsas prioritetlərindən birinə çevrilib:
"Bu yubiley bir qurumun deyil, Azərbaycanın elmi, intelektual düşüncələrinin bayramıdır. Elmin idarəetmə mexanizmləri hər gün təkmilləşdirilir. Elmi fəaliyyətin innovasiyaya çevrilməsi, elm–universitet–sənaye əməkdaşlığının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib”.
Rektor əlavə edib ki, AMEA elmin hərəkətverici qüvvəsidir:
“AMEA və BDU-nun tarixləri bir-birini tamamlayır. Onlar yeni elmi nəslin formalaşmasına imkan yaradıb. Onlar ölkəmizin aparıcı dayaqları, bir-birini tamamlayan ictimai tərəfdaşlardır”.
“Rəqəmsal proqramlar, beynəlxalq təcrübə mübadiləsi və startap təşəbbüsləri daha da genişləndirilməlidir. Bu istiqamətlər effektiv mexanizmə çevrilməli, elmi fəaliyyətin inkişafını və yeni nəsil alimlərin formalaşmasını təmin etməlidir.
Elmi tədqiqatlar həm milli prioritetlərə, həm də qlobal elmi trendlərə uyğun aparılmalıdır. İqlim dəyişikliyi, süni intellekt, kosmik tədqiqatlar, nanotexnologiyalar, biotexnologiya, milli sənaye və təhsil innovasiyaları kimi istiqamətlər gələcək inkişafın əsas hədəfləri olmalıdır”- E.Babayev əlavə edib.