Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) əsas məqsədi izafi borclanmanın qarşısını almaqdır.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Şahin Mahmudzadə maliyyə sabitliyinə dair keçirilən mətbuat konfransında bildirib.
"Biz borclanmaya qarşı deyilik, sadəcə borclanma sağlam formada olmalıdır. Yəni, 5 manat gəliri olana 6 manat borc verilməməlidir", - baş direktor vurğulayıb.
O qeyd edib ki, AMB-nin bu istiqamətdə gördüyü tədbirlər daha çox izafi borclanmanın qarşısını almaqdır: "Bununla bağlı daha sərt tədbirlərdə görülə bilər. Əhalinin gəlirləri artıb, buna münasibətdə borclanma da artıb. Ancaq region ölkələrindən aşağı səviyyədədir".
Qeyd edək ki, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0.5 faiz bəndi artaraq 18.5% olub. Banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə görə, bazar payına əsasən, bankların 49%-i əhalinin borclanmasında dəyişiklik olmadığını, 50%-i isə orta dərəcədə artım olduğunu bildirib.