...

Özbəkistanın Nəqliyyat Nazirliyi Türk Dövlətləri Təşkilatının nəqliyyat inteqrasiyasında Orta Dəhlizin oynadığı rolu şərh edib (ÖZƏL)

İqtisadiyyat Materials 7 Oktyabr 2025 08:00 (UTC +04:00)
Özbəkistanın Nəqliyyat Nazirliyi Türk Dövlətləri Təşkilatının nəqliyyat inteqrasiyasında Orta Dəhlizin oynadığı rolu şərh edib (ÖZƏL)
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının(TDT) “Regional sülh və təhlükəsizlik” mövzusunda XII sammiti keçiriləcək. Beynəlxalq ticarət axınlarını sürətləndirən, iqtisadi inteqrasiyaya vasitəçilik edən, nəqliyyat-logistika infrastrukturunu müasirləşdirən və regionda strateji əməkdaşlığı möhkəmləndirən əsas nəqliyyat marşrutu olan Orta Dəhliz TDT ölkələri üçün böyük əhəmiyyət kəsb edir.

Özbəkistanın Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib ki, Orta Dəhliz TDT-yə üzv ölkələr üçün təkcə tranzit imkanları baxımından deyil, həm də iqtisadi inteqrasiya, beynəlxalq ticarət axınlarının sürətləndirilməsi və nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

“Məlum olduğu kimi, Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Komissiyasının məlumatlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin ildə 10-11 milyon tona çatacağı gözlənilir. Xüsusilə də 2022-ci ildən sonra formalaşan qlobal geosiyasi şəraitdə Orta Dəhliz Şimal marşrutuna alternativ kimi aktuallıq qazanıb”, - deyə mənbə bildirib.

Son illərdə TDT ölkələri Orta Dəhlizin inkişafı istiqamətində genişmiqyaslı layihələr həyata keçirir və Özbəkistan bu prosesdə aparıcı yerlərdən birini tutur. Ölkədə logistika mərkəzləri yaradılır və genişləndirilir, beynəlxalq dəmir yolu əlaqələri gücləndirilir.

“Çin-Qırğızıstan-Özbəkistan” dəmir yolu layihəsinin praktiki icrasına başlanılıb. Bu layihə bütün Avrasiya üçün strateji əhəmiyyət daşıyır”,- deyə nazirlikdən qeyd edilib.

Mütəxəssislərin qiymətləndirməsinə görə, yeni dəmir yolu magistralı Çindən Avropaya və Yaxın Şərqə ən qısa marşrut olacaq. Layihənin reallaşdırılması yükdaşımalarının məsafəsini təxminən 900 kilometr azaldacaq, yüklərin çatdırılma müddətini isə 7–8 gün qısaldacaq ki, bu da bütün iştirakçılar üçün əhəmiyyətli iqtisadi səmərə təmin edəcək.

“Bundan əlavə, Türkmənistan və Özbəkistan Türkmənbaşı Beynəlxalq Dəniz Limanının və "Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan -Azərbaycan-Gürcüstan-Avropa" (CASCA+) beynəlxalq multimodal marşrutunun potensialından tam şəkildə istifadə etməyə çalışır. Xüsusilə də bu marşrut üzrə dəmir yolu daşımalarına 70 faizədək endirimlər elan edilib”,- deyə nazirlik nümayəndəsi bildirib.

Qurumdan həmçinin xatırladıblar ki, Orta Dəhlizin inkişafı 2021-ci ildə İstanbulda keçirilən TDT sammitində qəbul edilmiş “Türk Dünyasının Gələcəyi – 2040” konsepsiyasında öz əksini tapıb. Prioritet istiqamətlər arasında tarif siyasətinin harmonizasiyası, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi və multimodal daşımaların imkanlarının genişləndirilməsi yer alır.

“Nəqliyyat proseslərinin rəqəmsallaşmasının parlaq nümunəsi 2021-ci ildə Özbəkistan və Türkiyə arasında “E-permit” platforması üzərindən elektron icazə mübadiləsinin tətbiqi oldu. Hazırda bu elektron mübadilə TDT-yə bütün üzv dövlətlər arasında qurulub”, – deyə nazirlikdən qeyd olunub.

Sonda mənbə vurğulayıb ki, Orta Dəhliz TDT-yə üzv dövlətlər üçün təkcə nəqliyyat-kommunikasiya istiqaməti kimi deyil, həm də strateji geoiqtisadi platforma kimi müstəsna əhəmiyyətə malikdir. Bu dəhliz regionu Avrasiya ticarət zəncirinin mərkəzi halqasına çevirməyə, investisiyaları cəlb etməyə, yeni iş yerləri yaratmağa, turizm və mədəniyyət sahəsində mübadiləni gücləndirməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti