...

TƏBİB-in əməkdaşı ailə-məişət zorakılığına məruz qaldı, reanimasiyaya yerləşdirildi

Hadisə Materials 6 Oktyabr 2025 21:59 (UTC +04:00)
TƏBİB-in əməkdaşı ailə-məişət zorakılığına məruz qaldı, reanimasiyaya yerləşdirildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.

Trend xəbər verir ki, bu barədə TƏBİB-in ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Zamirə Ədilova öz sosial şəbəkə hesabında yazıb.

"Dərin təəssüf hissi ilə bildirirəm ki, həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.

Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Lamiyə təkcə çalışqan və məsuliyyətli əməkdaş deyil, həm də kifayət qədər mülayim, mehriban və səmimi bir xanımdır.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

İnanırıq ki, dəyərli həkimlərimizin səyləri və özünün iradəsi ilə O, bu sınaqdan da güclü çıxacaq, tezliklə sağalaraq yenidən aramıza dönəcək.

ALLAH şəfa versin!" - deyə paylaşımda qeyd edilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti