Bakı. Trend:
Dünya Bankının Türkiyənin səhiyyə sahəsində fövqəladə hallara hazırlığının artırılmasına yönəlmiş layihəsi cari ilin oktyabr ayının sonunda başa çatacaq.
Trend xəbər verir ki, Dünya Bankının tam məbləğdə təmin etdiyi ümumi maliyyələşmənin həcmi 250 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunur ki, layihənin məqsədi ölkənin vaksin istehsalı imkanlarını gücləndirmək və ictimai sağlamlığa yönələn təhdidlərin operativ şəkildə müəyyənləşdirilməsi qabiliyyətini artırmaqdır.
“Türkiyənin ictimai səhiyyə sahəsində fövqəladə hallara hazırlığının artırılması” layihəsi vaksin istehsalının genişləndirilməsinə, həmçinin ölkənin təhdidləri aşkar etmək və səhiyyə sahəsində fövqəladə hallara çevik reaksiya qabiliyyətinin gücləndirilməsinə kömək edəcək.
Layihə vaksin istehsalını avadanlıqların maliyyələşdirilməsi və texniki yardımın göstərilməsi hesabına dəstəkləyəcək. Fövqəladə hallara hazırlıq tədbirləri ictimai sağlamlığa müxtəlif mənbələrdən yarana biləcək riskləri əhatə edəcək, ölkənin yoluxucu xəstəliklərə, iqlim dəyişikliklərinə və təbii fəlakətlərə qarşı həssaslığını nəzərə alacaq.