Bakı. Trend:
Gələn il, 18-22 may tarixlərində Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda (WUF13) 20 mindən çox insanın iştirakı gözlənilir.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave ADA Universitetində keçirilən Azerbaijan Urban Campaign (AUC2026) kampaniyasının işə salınması çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Biz Azerbaijan Urban Campaign kampaniyasının açılışında iştirak etdiyimizə çox şadıq. Bu təşəbbüs “WUF13”ün 13-cü sessiyasında dünyanın müxtəlif yerlərindən iştirakçıların forumda iştirakını təşviq etmək üzrə səylərimizi tamamlayır. Biz böyük sayda iştirakçı gözləyirik, çünki WUF13 urbanistika mövzularına həsr olunmuş ən iri beynəlxalq tədbirlərdən biridir”,- Soave qeyd edib.
Onun sözlərinə görə, bu il forumun əsas mövzusu bütün insanlar üçün mənzil təminatı və mənzil əlçatanlığı məsələlərinə həsr olunub ki, bu da birbaşa təşkilatın işlədiyi icmalarla bağlıdır.
“Biz yalnız beynəlxalq tərəfdaşların deyil, həm də Azərbaycanın yerli icmasının iştirak edəcəyi, bir sıra tədbirlər hazırlamışıq. Forum ərəfəsində dövlət strukturları və tərəfdaşlarla birgə təşəbbüslər həyata keçirilir”, - deyə o vurğulayıb.
“UN-Habitat” nümayəndəsi əlavə edib ki, maraqlı tərəflər arasında hökumət nümayəndələri, milli siyasətçilər, yerli özünüidarə orqanları, parlament üzvləri, gənclər, qadınlar, vətəndaş cəmiyyəti, analitik mərkəzlər, xeyriyyə təşkilatları, tədqiqat institutları və akademik ictimaiyyət, həmçinin əlilliyi olan şəxslər daxildir.