...

İstismara verildiyi andan etibarən TAP vasitəsilə İtaliyaya ixrac olunan qazın ümumi həcmi açıqlandı

Energetika Materials 6 Oktyabr 2025 11:35 (UTC +04:00)
İstismara verildiyi andan etibarən TAP vasitəsilə İtaliyaya ixrac olunan qazın ümumi həcmi açıqlandı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə kommersiya istifadəsinə verildiyi vaxtdan (2020-ci il dekabrın 31) etibarən İtaliyaya 42,6 milyard kubmetr qaz nəql edilib.

Bu barədə Trend TAP konsorsiumunun məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, təkcə bu ilin üçüncü rübündə İtaliya TAP vasitəsilə 2,46 milyard kubmetr qaz alıb.

Kommersiya fəaliyyətinə başladığı vaxtdan bəri TAP Xəzər dənizindən Avropaya təhlükəsiz şəkildə 50 milyard kubmetr qaz nəql edib və 2024-cü ildə İtaliyanın qaz idxalının ümumi həcminin 16 faizinə cavab verib.

Enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, TAP həmçinin qitənin, xüsusilə də Cənub-Şərqi Avropanın karbonsuzlaşdırma prosesini dəstəkləyir və ardıcıl şəkildə öz karbon izini azaldır. 2024-cü ildə TAP 2021-ci il LDAR proqramının göstəriciləri ilə müqayisədə istixana qazı emissiyalarını 21 faiz, metan tullantılarını 55 faiz, sızmaları isə 81 faiz azaldıb.

Bundan əlavə, TAP Avropanın enerji keçidinə dəstək verməyə davam edəcək, hidrogen və biometan qarışıqlarının nəqlini təmin edəcək.

2021-ci ildə keçirilmiş bazar testindən sonra işə salınan qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsi 2026-cı ilin yanvar ayından etibarən daha 1,2 milyard kubmetr nəql gücü əlavə etməyə imkan verəcək. Hazırda aparılan yeni bazar testi isə bazar marağı olduğu halda, gücün daha da artırılması üçün şərait yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti