...

Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələrini daha da genişləndirmək üçün yaxşı imkanlar var - Spiker

Siyasət Materials 8 Oktyabr 2025 13:45 (UTC +04:00)
Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələrini daha da genişləndirmək üçün yaxşı imkanlar var - Spiker
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bugünkü görüşümüzdə əsas diqqət yetirdiyimiz məsələlərdən biri, əlbəttə ki, parlamentlərimiz arasında əlaqələr oldu.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Spiker bildirib ki, hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir:

“Nümayəndə heyətlərimiz qarşılıqlı olaraq parlamentlərimizin təşkil etdiyi tədbirlərdə, bir sıra beynəlxalq parlament təşkilatlarının işində birgə iştirak edirlər.

Şübhəsiz ki, parlamentlərimiz arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur. Və elə Qordan Yandrokoviçin səfəri də bu imkanlardan istifadə etmək niyyətimizi təsdiq edir.

Bu gün dostluq qruplarımızı daha fəal əməkdaşlığa dəvət etdik. Parlament üzvlərimizin qarşılıqlı səfərlərinin sayının artırılması arzuolunandır.

Digər tərəfdən, beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimizin daha da sıx təması, qarşılıqlı maraq doğuran məsələlərdə qarşılıqlı dəstəyi də əhəmiyyətlidir.

Parlamentlərimizin komitələri arasında əməkdaşlığın qurulması da müzakirə mövzularından biri oldu. Düşünürük ki, iqtisadiyyat, enerji, nəqliyyat, sahibkarlıq, təhsil, mədəniyyət kimi istiqamətlər üzrə fəaliyyət göstərən komitələrimiz arasında sıx işbirliyi, təcrübə mübadiləsi çox faydalı olacaq”.

Sahibə Qafarova çıxışının sonunda bütün bu işlərin həyata keçirilməsində əsas məqsədi açıqlayıb.

“Xalqlarımızın təmsilçiləri olaraq biz parlament üzvləri daha da sıx əməkdaşlıq edərək xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraq və ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəmizi verək. İnanıram ki, biz birgə səylərimizlə bu məqsədə nail olacağıq”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti