...

İlk mərhələdə Füzuli rayonunun Dövlətyarlı kəndində 450 ev tikiləcək (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2025 15:38 (UTC +04:00)
İlk mərhələdə Füzuli rayonunun Dövlətyarlı kəndində 450 ev tikiləcək (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli rayonunun Dövlətyarlı kəndində aparılan bərpa və yenidənqurma işləri son sürətlə davam edir. Layihə ümumilikdə 323 hektar ərazini əhatə edir və iki mərhələdə icra olunur.

Trend xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi məlumat verib.

Onun sözlərinə görə, birinci mərhələ 137 hektarlıq ərazidə 450 fərdi yaşayış evinin inşası nəzərdə tutulur.

"Evlər 2, 3, 4 və 5 otaqlı variantlarda tikilir. Ümumi yaşayış sahəsi isə təxminən 40 min kvadratmetr təşkil edir:

Kəndin sosial infrastrukturu da paralel şəkildə qurulur. 360 şagird yerlik tam orta məktəb, 120 yerlik uşaq bağçası, həkim məntəqəsi, eləcə də inzibati və çoxfunksiyalı bina tikilir. Bununla yanaşı, məktəb və bağçalar üçün qazanxana sistemi, transformatorlar və digər mühəndis qurğuların da quraşdırılması nəzərdə tutulur.

Birinci mərhələdə bütün əsas kommunal xətlər də çəkilir. 15,6 km daxili yol, 42 km-lik 35 kV elektrik xətti, 45 km 0.4 kV elektrik xətti, 74 km rabitə xətti, 15,6 km su təchizatı, 17.8 km qaz xətləri və 12,7 km kanalizasiya sistemi artıq layihəyə daxildir.

İkinci mərhələdə isə 186 hektar ərazidə 269 fərdi yaşayış evi tikiləcək ki, bununla da kənddə evlərin cəmi sayı iki mərhələ birlikdə 719 olacaqdır. Bu mərhələdə ictimai və ticarət binaları, idman-sağlamlıq mərkəzi, bazar, fəvvarə və avtomobil texniki xidmət məntəqəsi kimi obyektlər də planlaşdırılıb. Gələcəkdə çoxmənzilli binalar və ictimai iaşə sahələri də bu ərazidə yaradılacaq.

Bu layihə Füzuli rayonunun müasir infrastruktur konsepsiyasına tam uyğun şəkildə, “ağıllı kənd” prinsipləri ilə həyata keçirilir. Məqsəd həm müasir yaşayış şəraiti yaratmaq, həm də bölgənin sosial-iqtisadi canlanmasını təmin etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti