Bakı.Trend:
2025-ci il oktyabrın 8-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Trend xəbər verir ki, iclası giriş sözü ilə açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə də baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil etikası və peşə borcuna sadiq qalacağına dair and içərək Kollegiyanın sıralarına qəbul olunub. Ona vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Bundan başqa, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil ediləcək “Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası”nın XI və Milli Məhkəmə Müsabiqəsinin XV buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi, eləcə də “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə yardımının verilməsi ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müraciətləri müzakirə olunaraq müsbət qərar qəbul edilib.
Həmçinin iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin vəkil kabineti yaratmaq barədə müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. Bundan başqa 4 vəkilə xəbərdarlıq edilib və 1 vəkilə isə töhmət verilib.