Bakı. Trend:
6-8 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən bədii gimnastika üzrə yarışlar başa çatdı.
Trend xəbər verir ki, bu mötəbər turnirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tacikistan, Qırğızıstan, Kuba, Rusiya və Belarus olmaqla, ümumilikdə 9 ölkədən 86 gimnast və 9 qrup komandası mübarizə aparıb.
Ölkəmizi fərdi proqramda Şəms Ağahüseynova, Azadə Atakişiyeva,
Fidan Qurbanlı və Nur Sadıqova, gənclərdən ibarət qrup
hərəkətlərində isə Nəzrin Salmanlı, Nəzrin Abdullayeva, Ayan
Nəsirova, Şəms Müvəffəqi və Nilufər Oruclu təmsil ediblər.
Təsnifat mərhələsinə əsasən gimnastlarımız bütün proqramlarda final
mərhələsinə yüksəliblər. Finallarda gimnastlarımız bizi
sevindiriblər. Belə ki, Azadə Atakişiyeva çoxnövçülük, top və lent
ilə proqramlarda gümüş medal, Nur Sadıqova halqa ilə çıxışda bürünc
medal qazanıb. Qrup hərəkətləri komandası 5 halqa və 5 cüt gürz ilə
proqramlarda bürünc medala yiyələnib. Fidan Qurbanlı gürzlərlə
proqramda gümüş medal qazanıb. Qızlarımız komanda hesabında bürünc
medalın sahibi olublar.
Üç gün davam edən yarışlar nəticəsində gimnastlarımız ölkəmizə ümumilikdə 8 medal qazandırıblar.