Bakı. Trend:
Xarici Hebrid adalarında yerləşən Qasker adası 120.000 funt-sterlinqə (təxminən 160.000 dollar) satışa çıxarılıb.
Trend xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Təxminən 20 hektar ərazini əhatə edən adada daimi yaşayış yoxdur. Onun ərazisindəki yeganə tikili avtomatik mayakdır. Qasker yaşıllıqlarla örtülüb, bir neçə şirin su gölü və qayalı sahil xətti var. Adanın ən diqqətçəkən xüsusiyyətlərindən biri isə burada yaşayan suiti koloniyasıdır.
“Galbraith” daşınmaz əmlak şirkətinin məlumatına görə, ada kiçik bir kottec üçün və ya tənha istirahət məkanı kimi ideal ola bilər. Lakin adaya giriş çətindir — yüksək gelgitlər səyahəti tez-tez mümkünsüz edir, ən yaxın qatar stansiyası isə 75 mil məsafədə yerləşir.