Bakı. Trend:
Kibertəhlükəsizlik festivalının ölkəmizin kibertəhlükəsizlik ekosisteminin güclənməsinə ciddi töhfə verəcəyi şübhəsizdir.
Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “İnformasiya Təhlükəsizliyi” elmi-metodiki jurnalında “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı kibertəhlükəsizlik festivalının iştirakçılarına müraciətində deyib.
DTX rəisi bildirib ki, tədbir zamanı keçiriləcək müzakiralərdə əsas mövzulardan biri də kritik informasiya infrastrukturlarının təhlükəsizliyi, həmçinin bu kimi sistemlərin kibermüdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində yeni problemlər və onların həlli yollarıdır:
“Artıq hər kəsə bəllidir ki, müasir dövrdə kritik informasiya infrastrukturlarının təhlükəsizliyi hər bir dövlət üçün əsas prioritetlərdən biri və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Günümüzdə enerji, su təchizatı, nəqliyyat, telekommunikasiya, maliyyə və dövlət xidmətləri kimi sahələrin rəqəmsal şəbəkələr, həmçinin bulud texnologiyalarından istifadə imkanlarının artması onları kibertəhdidlərə qarşı daha həssas edir.
Təcrübə göstərir ki, dövlətlərin ictimai-siyasi sabitliyini və iqtisadi inkişafını hədəf alan kibertəhdidlər getdikcə daha mürəkkəb, daha məqsədyönlü olmaqla, transsərhəd imkanlarını sürətlə genişləndirməkdədir. Son illər baş verən kiberinsidentlər nəticəsində beynəlxalq hava limanları, enerji və su təchizatı sistemləri, eləcə də maliyyə sistemlərinin iflic vəziyyətə düşdüyünün şahidi oluruq”.