Bakı. Trend:
Qazaxıstan Azərbaycanla “Öz Müştərini Tanı” (E-KYC) sistemi üzrə ortaq təcrübə mübadiləsi aparmaq niyyətindədir.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Ödəniş Təşkilatları Assosiasiyasının sədr müavini Yulia Salehova "Baku Fintech Forum 2025"də məlumat verib.
"İstərdim ki, yalnız banklar deyil, ödəniş xidməti təminatçıları da “Öz Müştərini Tanı” (E-KYC) sisteminin bir hissəsi olsun. Hazırda bu sistemin Qazaxıstanda tam işləmədiyini görəndə bir az təəsüflənirəm. Lakin ümid edirəm ki, gələcəkdə bu təcrübəni Azərbaycanla qarşılıqlı şəkildə paylaşa biləcəyik", - Y. Salehova vurğulayıb.
Daha sonra o, Qazaxıstanda tətbiq olunan sandbox təcrübələrini bölüşüb: "Bizim bir sandbox sistemimiz var. Bu sistem bizə müxtəlif həlləri test etməyə imkan verməli idi. Hazırda həm açıq bankçılıq ("open banking"), həm də sandbox sistemi tam gücü ilə işləmirlər. Bunun obyektiv səbəbləri var. Əsas məsələ isə odur ki, bizim tənzimləyicimiz, xüsusilə Milli Bank inkişaf və təkmilləşdirməyə ciddi şəkildə sadiqlik göstərir. Amma hər bir transformasiya zaman tələb edir və bunu etmək çox çətindir, xüsusilə bazar tam hazır olmadıqda".
Y. Salehova vurğulayıb ki, sandbox onlara texnoloji həlləri test etməyə imkan verib: "Amma daha önəmli olan biznes modellərini sınamaq imkanı oldu, çünki bu heç vaxt yalnız texnikadan ibarət olmayıb. Sandbox bir növ tənzimlənmiş və nəzarət edilən təcrübə idi.
Yaxşı tərəfi odur ki, bütün testlər ciddi nəzarət altında,
məhdud miqdarda əməliyyat və müştəri sayı ilə həyata keçirildi. Pis
tərəfi isə odur ki, bu məhdudiyyətlər səbəbindən qlobal bazara
təsiri qiymətləndirmək mümkün olmadı.
Amma ən önəmli məqam budur ki, bazar iştirakçıları öz fikirlərini
çatdırmaq imkanı qazandılar. Tənzimləyicilər bazarın tələblərini,
müştəri reaksiyalarını və qaydaların necə inkişaf etməli olduğunu
görə bildilər. Hansı boşluqların olduğunu, hansılarının isə aradan
qaldırılmalı olduğunu göstərmək imkanı yarandı, çünki həddindən
artıq tənzimləmə inkişafı məhdudlaşdırır".
Hazırda Qazaxıstan bazarında bəzi açıq bankçılıq xidmətlərinin işlədiyini qeyd edən Yulia Salehova bildirib ki, bu istiqamətdə əsas problem bazarın hazırlığı ilə bağlıdır: "Motivasiya çox önəmlidir və bunu unutmamalıyıq. Böyük bankların öz infrastrukturu var və bu infrastruktur bəzən ölkədə qlobal açıq bankçılıq həllərindən daha yaxşı işləyə bilir. Onlar isə bu açıq bankçılıq sisteminə qoşulmaqda maraqlı deyillər.
Kiçik oyunçular üçün bu sistem yeni müştərilər qazanmaq,
məhsullarını inkişaf etdirmək üçün bir şansdır. Amma böyük
oyunçular üçün bu, onların istəmədiyi bir rəqabət yaradır. Bu
səbəbdən hazırda bir neçə xidmət mövcud olsa da, ən böyük banklar
iştirak etmir və sistem tam miqyasda işləyə bilmir.
Eyni zamanda kiçik oyunçular, məsələn, ödəniş təşkilatları, hələ
sistemə cəlb olunmayıblar. Böyük oyunçular isə kiçik oyunçuların
əvvəlcədən olmayan üstünlüklər əldə etməsini istəmir".
"Beləliklə, deyə bilərik ki, Qazaxıstan bazarı inkişaf edir və müsbət addımlar atılır, amma hələ də çoxlu təkmilləşdirilməli istiqamətlər mövcuddur", - deyə Y. Salehova əlavə edib.