Bakı. Trend:
"Baku Fintech Forumu 2025" tədbiri start götürüb.
Trend xəbər verir ki, tədbir “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin (AzFina) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilir.
Foruma dünyanın bir çox ölkəsindən qonaqlar dəvət olunub.
Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların
və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edir.
Tədbirdə yerli və beynəlxalq ekspertlər tərəfindən fintex sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında müzakirələr aparılacaq.
Tədbir iştirakçıları fintex sektoru üzrə öz proqnozlarını bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparacaqlar.
Tədbir çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri aparılacaq, həmçinin tərəfdaşlıq imzalanmaları baş tutacaq.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov çıxış edərək bildirib ki, bu il ərzində ödəniş sahəsi üzrə lisenziyalaşdırılmış təşkilatların dövriyyəsi 38,8 milyard manatı ötüb.
"Azərbaycanda 18 elektron pul təşkilatı 8 ödəniş təşkilatı və 2 operator fəaliyyət göstərir. Bu il ərzində ödəniş sahəsi üzrə lisenziyalaşdırılmış təşkilatların dövriyyəsi 38,8 milyard manatı ötüb", - V. Xəlilov vurğulayıb.
"Aylıq kart dövriyyəsi bu ilin ortasına 10 milyarda çatıb. Bu, ölkənin nağdsız ödənişlərə keçidinin nümunəsidir. Ani ödənişlər sisteminin artımının şahidi oluruq. Son il ərzində 10% artım olub. Bundan başqa, QR ödənişlərinin ölkəmizdə standartlaşdırılması işləri aparılır", - deyə V. Xəlilov qeyd edib.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev isə vurğulayıb ki, Fintex sahəsində beynəlxalq trendləri öz sistemimizə daxil etməliyik. Burada ən böyük yük qanunvericilik bazasının təkmilləşdirilməsi üzərinə düşür.
O nümunə olaraq qeyd edib ki, elektron pul təşkilatları tərəfindən pul vəsaitlərinin 1-dən çox sayda banklarda saxlanılması tələbi mövcuddur:
"Eyni zamanda maliyyə sektorunun digər iştirakçılarına qarşı belə bir tələb var. Xüsusən sığorta şirkətlərinin öz vəsaitlərini müxtəlif banklarda saxlamaq kimi tələb var. Qarşıdakı dövr üçün belə bir tələbin fintexə də gətirilməsi mühüm əhəmiyyət daşıya bilər".
Qazaxıstan Ödəniş Təşkilatları Assosiasiyasının sədr müavini Yulia Salehova öz növbəsində vurğulayıb ki, Qazaxıstan Azərbaycanla “Öz Müştərini Tanı” (E-KYC) sistemi üzrə ortaq təcrübə mübadiləsi aparmaq niyyətindədir.
"İstərdim ki, yalnız banklar deyil, ödəniş xidməti təminatçıları da “Öz Müştərini Tanı” (E-KYC) sisteminin bir hissəsi olsun. Hazırda bu sistemin Qazaxıstanda tam işləmədiyini görəndə bir az təəsüflənirəm. Lakin ümid edirəm ki, gələcəkdə bu təcrübəni Azərbaycanla qarşılıqlı şəkildə paylaşa biləcəyik", - Y. Salehova vurğulayıb.
Xəbər yenilənəcək