Bakı. Trend:
Cari ilin 9 ayı ərzində avtomobili hüquqsuz idarə edən şəxslər tərəfindən 99 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 60 nəfər həlak olub, 73 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu qəbildən olan sonuncu qəzada Qəbələ rayon sakini Elvin Qasımovun sərnişinlərindən biri hadisə yerində həyatını itirib, özü və daha bir sərnişini isə xəstəxanaya yerləşdirilib.
"Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və sürücü intizamına bilavasitə təsir göstərən belə hallara qarşı hər kəsi birgə mübarizəyə çağırır.
Unutmayaq ki, fərdi məsuliyyətə biganə yanaşan şəxsin başqalarının həyatına da eyni tərzdə yanaşmayacağı sual altındadır",- deyə məlumatda qeyd edilib.