...

Kritik informasiya infrastrukturlarına dair minimal tələbləri yerinə yetirməyən strukturlar var - Davud Rüstəmov

Cəmiyyət Materials 9 Oktyabr 2025 14:52 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Baş verən hücumların təsiri təkcə bir infrastruktura deyil, daha geniş “kaskad effektinə” səbəb olur. “Ağıllı şəhərlər” bir-birinə təsir göstərə bilər. Hətta kiçik və orta sahibkarlıq subyektlərinin infrastrukturu belə iri müəssisələrin infrastrukturuna təsir edə bilər.

Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan “Kibercinayətkarlar üçün yeni oyun meydançası: "Ağıllı şəhərlər” adlı panel sessiyada çıxışı zamanı deyib.

Mərkəz rəisi bildirib ki, Avropada tətbiq olunan NIS2 direktivinə əsasən, kiçik və orta sahibkarlıq subyektləri artıq kritik infrastruktur subyektləri hesab olunur:

“Azərbaycanda isə hazırda yalnız iri sahibkarlıq subyektləri bu kateqoriyaya daxildir. Ancaq bu, kiçik və orta subyektlərin hücumlara məruz qalması halında iri subyektlərin təsirlənməyəcəyi anlamına gəlmir”.

D.Rüstəmov vurğulayıb ki, “Ağıllı şəhərlər”lə bağlı Azərbaycanda dövlət siyasəti və böyük investisiyalar var. Bu sahədə inteqrasiya sürətlə aparılır və nəticələr əldə olunur. Lakin təhlükələrə qarşı mübarizə tədbirləri də vaxtında qurulmalıdır.

“Bu il kritik informasiya infrastrukturlarının ümumi tələblərə uyğunluğunu qiymətləndirərkən məlum oldu ki, həmin tələblər ən minimal səviyyədədir. Təəssüf ki, bu minimal tələbləri belə yerinə yetirməyən strukturlar var. Eyni zamanda bu sahədə ixtisaslaşmamış və kibertəhlükəsizlik tövsiyələrini düzgün verə bilməyən subyektlərlə də rastlaşırıq.

Əgər biz “Ağıllı şəhərlər”in təhlükəsizliyindən danışırıqsa, burada mütəxəssis hazırlığı və ixtisaslaşmış kadrların iştirakı vacibdir. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi, eləcə də müvafiq akademik qurumlar bu istiqamətdə təşəbbüs göstərməlidir. Sevindirici haldır ki, özəl sektor da bu sahəyə maraq göstərir”.

O əlavə edib ki, SCADA sistemlərinin təhlükəsizliyi məsələsi isə kifayət qədər az müzakirə olunur:

“2022 və 2023-cü illərin hesabatlarında da bu mövzuya çox az toxunulub. Təhlillər göstərir ki, hücumların 35 %-i digər infrastruktur sistemlərinə təsir edə bilər – bu da “kaskad effekti”nin real olduğunu sübut edir”.

Xəbər lenti

Xəbər lenti