Bakı. Trend:
2025-ci ilin noyabrın 6-da Vaşinqtonda keçirilən C5+1 formatının növbəti sammiti regionun geosiyasi xəritəsində mühüm dönüş nöqtəsi kimi tarixə düşdü.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
O qeyd edib ki, on il öncə daha çox diplomatik jest xarakteri daşıyan bu platforma indi real iqtisadi və strateji məzmun qazanaraq ABŞ-ın Mərkəzi Asiya siyasətinə yeni dinamika gətirib.
"Prezident Donald Trampın iştirakı ilə keçirilən sammit həm Vaşinqtonun bölgəyə yenidən ciddi şəkildə qayıtmasının, həm də bu qayıdışın konkret iqtisadi prioritetlərə əsaslanmasının göstəricisidir.Tramp administrasiyasının siyasət fəlsəfəsi əvvəlki administrasiyalardan fərqli olaraq, iqtisadiyyatı və biznes alətini xarici siyasətin əsas dayağı kimi istifadə etməyə yönəlib. ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın qeyd etdiyi kimi, Vaşinqton artıq C5+1 platformasını sadəcə siyasi dialoq vasitəsi kimi deyil, strateji tərəfdaşlıq və dayanıqlıq aləti kimi görür. Bununla da ABŞ, Mərkəzi Asiyanın enerji, mineral resurs və logistika potensialını qlobal iqtisadi sistemə inteqrasiya etdirmək niyyətindədir."
A.Qarayev qeyd edib ki, yeni administrasiyanın iqtisadi gündəliyi, xüsusən də strateji minerallar siyahısının açıqlanması, bu istiqamətdə konkret planların mövcudluğunu göstərir.
"ABŞ üçün vacib olan 60 strateji faydalı qazıntının 15-i nadir torpaq elementləridir və bu elementlər olmadan müasir hərbi, texnoloji və “yaşıl enerji” sənayeləri mümkün deyil. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan kimi ölkələrin zəngin resurs bazası bu siyasətin təbii hədəflərinə çevrilib. Sammit çərçivəsində imzalanan müqavilələr ABŞ-ın iqtisadi diplomatiyasının real təzahürləridir. Qazaxıstanla “Tau-Ken Samruk” və “Cove Capital” şirkətləri arasında bir milyard dollarlıq volfram layihəsi, Özbəkistanın növbəti on il ərzində Amerika iqtisadiyyatına 100 milyard dollarlıq sərmayə planı – bütün bunlar regionda iqtisadi inteqrasiyanın yeni mərhələsinə işarədir. Bu investisiya axını təkcə resurs hasilatını deyil, həm də infrastruktur, İT və alternativ enerji sektorlarını əhatə edir. ABŞ-ın marağı burada yalnız xammal ixracına deyil, dəyər zəncirinin formalaşmasına yönəlib."
Politoloq qeyd edib ki, regionun resurs potensialı qədər, bu resursların tranziti və daşınması da mühüm əhəmiyyət daşıyır.
"Məhz bu mərhələdə Azərbaycanın rolu ön plana çıxır. ABŞ və Avropa üçün etibarlı, sabit və təhlükəsiz tranzit marşrutu kimi tanınan Azərbaycan, C5+1 platformasının faktiki olaraq “C6+1” formasına çevrilməsinə səbəb olub. “Caspian Policy Center”in rəhbəri Riçard Hoqlandın da dediyi kimi, artıq Azərbaycan bu formatın ayrılmaz tərkib hissəsinə çevrilib. Prezident Donald Trampın təşəbbüsü ilə elan olunan TRIPP (The Trump Route for International Peace and Prosperity) layihəsi də məhz bu kontekstdə Azərbaycanın tranzit imkanlarını qlobal səviyyəyə çıxarır. Bu layihə, Şərqdən Qərbə uzanan “Orta Dəhliz”in yeni, müasir infrastrukturlu arteriyası olmaqla, həm Mərkəzi Asiya, həm də Qafqaz regionunun geoiqtisadi inteqrasiyasını gücləndirəcək."
A.Qarayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev TRIPP layihəsini “Orta Dəhlizin yeni mərhələsi” adlandıraraq vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə 15 milyon tonluq yeni yük dövriyyəsi xətti yaradılacaq.
Bu, təkcə Azərbaycanın tranzit potensialını artırmır, həm də Mərkəzi Asiyanın Avropaya çıxışını təmin edir.Hazırda Azərbaycanın nəqliyyat infrastrukturu — Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, Xəzərdə ən iri ticarət donanması və yenilənmiş liman kompleksi — ölkəni regionun əsas logistika mərkəzinə çevirib. Bu sistem Orta Dəhliz boyunca yüklərin 90 faizədək artımını təmin edib və ABŞ kimi güc mərkəzlərinin diqqətini daha da cəlb edib. ABŞ üçün Azərbaycan, həm Cənubi Qafqazın sabitlik dayağı, həm də Mərkəzi Asiyaya açılan strateji pəncərədir. Vaşinqton bu reallığı anlayaraq, Azərbaycanla əlaqələri təkcə enerji sahəsində deyil, logistika, rəqəmsal iqtisadiyyat və təhlükəsizlik sahələrində də genişləndirməyə çalışır. ABŞ-nin keçmiş səfiri Con Herbştin sözləri ilə desək, “Orta Dəhliz təkcə iqtisadi deyil, həm də strateji layihədir və ABŞ bu layihənin reallaşmasına dəstək verməyə hazırdır.”
Politoloq bildirib ki, nəticədə bu gün Mərkəzi Asiya regionu böyük güclərin geoiqtisadi rəqabət meydanına çevrilib.
"Çin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə, Rusiya Avrasiya İttifaqı ilə, Avropa İttifaqı isə “Global Gateway” proqramı ilə bölgəyə çıxışını genişləndirir. ABŞ isə bu prosesdə C5+1 platforması və TRIPP layihəsi vasitəsilə öz geoiqtisadi rolunu bərpa edir. Azərbaycan bu yeni regional düzənin mərkəzində dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı, çoxşaxəli xarici siyasət ölkəni həm Şərqlə Qərb, həm də Şimal ilə Cənub arasında strateji körpüyə çevirib. Bu mənzərədə Vaşinqtonun regiona qayıdışı təkcə siyasi deyil, həm də geoiqtisadi transformasiyanın başlanğıcıdır. Mərkəzi Asiya üçün yeni imkanlar dövrü başlayır — və bu imkanların açarı Bakının əlindədir."
