Bakı. Trend:
ATƏT-in Minsk Qrupu Ermənistan–Azərbaycan münaqişəsinin həlli
məqsədilə 1992-ci ildə yaradılmış beynəlxalq vasitəçilik mexanizmi
olsa da, 30 il ərzində nə münaqişənin dərinləşməsinin qarşısını ala
bildi, nə də işğalın aradan qaldırılması üçün praktik nəticə ortaya
qoydu. Bu səbəbdən həm Azərbaycan ictimaiyyətində, həm ekspert
dairələrində, həm də beynəlxalq təhlükəsizlik araşdırmalarında
Minsk Qrupu çox vaxt fəliyyətsiz, yararsız, formal xarakterli qurum
kimi qiymətləndirilib.
Minsk Qrupu 1992–2020-ci illər arasında Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi faktını aradan qaldırmadı, BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nəzarət etmədi,
işğal altındakı ərazilərin boşaldılması üçün heç bir siyasi təzyiq
mexanizmi tətbiq etmədi. Bu, qurumun faktiki olaraq münaqişənin
dondurulmasına xidmət etməsi ilə nəticələndi. Hətta bir çox
analitiklər hesab edirdilər ki, Minsk Qrupu problemi həll etməkdən
çox, onu “idarə etmək” və illərlə uzatmaq missiyasını yerinə
yetirirdi.
Minsk qrupunun üç həmsədri olan Rusiya, ABŞ və Fransa regionda öz
siyasi maraqlarına malik dövlətlər idi. Bu maraqlar vasitəçilik
missiyasına ciddi təsir göstərirdi. Bu səbəbdən Minsk Qrupu heç
vaxt obyektiv və prinsipial vasitəçi kimi çıxış edə bilmədi. Minsk
Qrupunun bütün qərarları yalnız həmsədrlərin konsensusu ilə qəbul
edilirdi. Bu mexanizm hər hansı həmsədrin veto hüququ ilə prosesi
bloklamasına şərait yaradırdı, səmərəli qərar qəbulunu illərlə
ləngidirdi, diplomatik təşəbbüsləri praktiki nəticəsiz edirdi.
Beləliklə, qurum çevik və effektiv mexanizm kimi fəaliyyət göstərə
bilmirdi.
Minsk Qrupu illər boyunca Ermənistanın atəşkəsi pozmasına, işğal
altındakı ərazilərdə qanunsuz məskunlaşmaya, humanitar və
təhlükəsizlik pozuntularına hər hansı ciddi reaksiya vermədi. Bu
cəzasızlıq mühiti Ermənistan üçün əlavə fürsətlər yaratdı və
münaqişənin həlli əvəzinə onun uzanmasına səbəb oldu. Azərbaycan
üçün isə bu vəziyyət Minsk Qrupuna olan etimadı tamamilə
sarsıtdı.
Qrup illər ərzində müxtəlif sənədlər təqdim etsə də (Paket həll, Mərhələli həll, Madrid prinsipləri və s.) planların heç biri Azərbaycan üçün təminatlı hüquqi mexanizm təklif etmirdi.
ATƏT-in Minsk Qrupunun rəsmən ləğv edilməsi 2025-ci ildə baş
versə də, bu prosesin siyasi təməli və istiqaməti illərlə
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə
formalaşdırılmışdı. İlham Əliyevin həm 2020-ci il müharibəsinin
nəticələri, həm diplomatik fəaliyyət, həm də beynəlxalq tribunadakı
prinsipial mövqeyi Minsk Qrupunun fəaliyyətinin mənasızlaşmasına,
ardınca isə tamamilə ləğvinə aparan əsas mühərrik rolunu oynadı. Bu
mövqelər beynəlxalq siyasi diskursun yönünü dəyişdi və Minsk
Qrupunun legitimliyini sıfıra endirdi.
Prezident İlham Əliyev illərdir Minsk Qrupunun nəticə vermədiyini,
tərəfsizlik prinsipini pozduğunu, Ermənistanın işğal siyasətinə göz
yummasını, geosiyasi maraqlara xidmət etdiyini, beynəlxalq
tədbirlərdə, müsahibələrdə və birbaşa həmsədrlərlə görüşlərdə
ardıcıl şəkildə qabardırdı.
2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın vasitəçilik
etdiyi və Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş
naziri Nikol Paşinyan tərəfindən imzalanmış 8 avqust 2025-ci il
tarixli Vaşinqton deklarasiyası bu prosesin əsas siyasi bazasını
formalaşdırdı.
ATƏT-in Minsk Qrupunun ləğvi sadəcə texniki və ya təşkilati qərar
deyildi. Bu, uzun illər beynəlxalq səviyyədə aparılan diplomatik
mübarizənin nəticəsi kimi Prezident İlham Əliyevin liderliyinin
birbaşa təzahürü idi.
Qeyd edək ki, ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb və
onunla bağlı strukturları 30 noyabr 2025-ci il saat 23:59-dan ləğv
edib.
