Bakı. Trend:
Qoşulmama Hərəkatı, COP-29, Türk Dövlətləri Təşkilatı, AQEM və digər platformalarda fəal və nəticəyönümlü sədrlikləri ilə əməli təsdiqini tapdığı kimi, Azərbaycan həqiqi körpü yaradan və konsensusa əsaslanan yanaşmaların sadiq təbliğatçısı olaraq effektiv çoxtərəfliliyin etibarlı tərəfdarıdır.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.
“Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə bu yaxınlarda tam hüquqlu üzvlüyümüz çoxtərəfliliyə töhfə vermək imkanlarımızı daha da gücləndirəcək”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan özünün prinsipial və praqmatik xarici siyasətinə əsaslanaraq ATƏT çərçivəsində də konstruktiv əməkdaşlığa sadiqdir.
“Bütün çatışmazlıqlara baxmayaraq, biz hərtərəfli təhlükəsizlik konsepsiyası və əhatəli üzvlük xüsusiyyətlərinə görə ATƏT-in roluna inanmaqda davam edirik. Bununla belə, aktual qalmaq üçün təşkilat adaptasiya etməyi bacarmalı və nəzərə çarpacaq nəticələr əldə etməlidir. Yalnız birgə həll yolları nəticə verə bilər. Konsensus prinsipi həmişə bizim kollektiv səylərimizin əsas xüsusiyyəti və qərarların qəbulu prosesinin təməli olaraq qalmalıdır. Bu anlayışla ATƏT-in funksionallığı və səmərəliliyi ilə bağlı çağırışların aradan qaldırılması naminə bütün ATƏT üzv dövlətləri ilə konstruktiv əməkdaşlığa hazırıq”, - deyə o fikrini tamamlayıb.
