...

Azərbaycan nümayəndə heyəti Laosda siyasi, iqtisadi və humanitar əməkdaşlığı müzakirə edib (FOTO)

Siyasət Materials 9 Dekabr 2025 17:46 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti Laosda siyasi, iqtisadi və humanitar əməkdaşlığı müzakirə edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

8-9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Laos Xalq Demokratik Respublikasında səfərdə olub.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı, Azərbaycan-Laos Xarici İşlər Nazirlikləri arasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Laos Xalq Demokratik Respublikasının xarici işlər nazirinin müavini Maytonq Tammavonqsanın həmsədrliyi ilə ilk siyasi məsləhətləşmələr keçirilib.

İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.

Nazir müavini E.Məmmədov bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı (NAM), Laosun üzvü olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər zamanı, Azərbaycan nümayəndə heyətinin rəhbəri Laos Milli Assambleyasının vitse-prezidenti Sunthon Saynyachak və Laosun xarici işlər naziri Sonqsavan Fomvihon ilə görüşlər keçirib.

Həmçinin, xarici işlər nazirinin müavini Elnur Məmmədov Laosun nüfuzlu media qurumlarına Azərbaycan-Laos əlaqələrinin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair müsahibə verib.

Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycanın Vyetnamdakı, eyni zamanda Laosda akkreditə olunmuş Səfirliyi tərəfindən Laosun paytaxtı Vyentyan şəhərində 9 dekabr 2025-ci il tarixində keçirilmiş rəsmi qəbulda nazir müavini Elnur Məmmədov və fəxri qonaq qismində iştirak etmiş Laosun xarici işlər naziri Sonqsavan Fomvihon ilə birlikdə qonaqları salamlayaraq, geniş nitqlə çıxış ediblər.

Tədbirdə eyni zamanda əvvəllər Bakıda təhsil almış Iaoslulardan ibarət Azərbaycan-Laos Dostluq Assosiasiyasının üzvləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti