...

Azərbaycan və Estoniya parlamentləri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur - Deputat (FOTO)

Siyasət Materials 9 Dekabr 2025 18:47 (UTC +04:00)
Azərbaycan və Estoniya parlamentləri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur - Deputat (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatları Afət Həsənova, Fatma Yıldırım, Erkin Qədirli və Şahin Seyidzadənin daxil olduğu parlament nümayəndə heyəti Estoniyada rəsmi səfərdə olub.

A.Həsənova Trend-ə bildirib ki, səfər çərçivəsində Azərbaycan–Estoniya parlamentlərarası dostluq qrupu Estoniya parlamenti və hökumətinin yüksək vəzifəli nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Onun sözlərinə görə, görüşlər səmimi və konstruktiv mühitdə baş tutub, tərəflər parlament diplomatiyasının gücləndirilməsi, qarşılıqlı siyasi dialoqun dərinləşdirilməsi və ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıblar:

“Estoniya parlamentində (Riygikoqu) bir sıra görüşlər keçirdik. Burada vitse-spiker Arvo Aller, Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Riina Solman, Xarici əlaqələr komitəsinin sədri Marko Mihkelson, spikerin müşaviri, Avropa Parlamentinin keçmiş üzvü İndrek Tarand və digər parlamentarilərlə görüşərək, parlamentlərarası əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi apardıq.

Həmçinin, Estoniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru Erika Ellamaa-Ots və digər rəsmilərlə görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Bu təmaslar iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirir.

Səfər zamanı siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlıq, ticarət münasibətlərinin genişləndirilməsi, elm və təhsil sahəsində birgə layihələr, mədəni mübadilə proqramları, eləcə də rəqəmsal transformasiya və elektron hökumət sahəsində tərəfdaşlıq imkanları xüsusi diqqət mərkəzində oldu. Estoniyanın bu sahədəki qabaqcıl təcrübəsinin Azərbaycan üçün maraq doğurduğu vurğulandı”.

A.Həsənova əlavə edib ki, Azərbaycanda Estoniya səfirliyinin fəaliyyəti ilə bağlı planlaşdırılan addımlar da müzakirə olundu:

“Bu təşəbbüs ikitərəfli münasibətlərin diplomatik müstəvidə daha da möhkəmləndirilməsinə, investisiya mühitinin genişləndirilməsinə və humanitar sahədə əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək.
Mürəkkəb beynəlxalq siyasi şərait fonunda parlamentlərarası əlaqələrin, qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin əhəmiyyəti xüsusi vurğulandı. Tərəflər gələcəkdə birgə təşəbbüslərin, ortaq layihələrin və institusional əməkdaşlığın genişləndirilməsi barədə razılıq ifadə etdilər.
Səfərin nəticələrinin Azərbaycan və Estoniya arasında münasibətlərin daha da inkişafına zəmin yaratdığı bildirildi. Həmçinin qeyd olundu ki, 2026-cı il çərçivəsində bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur və iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyi gözlənilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti