...

Ermənistanın Aİ-yə yaxınlaşması müttəfiqlik münasibətinə mənfi təsir edəcək - Rusiya XİN

Siyasət Materials 30 Yanvar 2026 10:23 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Avropa İttifaqı ilə sürətləndirilmiş yaxınlaşması həm Rusiya ilə müttəfiqlik münasibətlərinə, həm də bütövlükdə post-sovet məkanında inteqrasiya proseslərinin inkişafına mənfi təsir göstərəcək.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov bildirib.

Yerevanın Avropa İttifaqına üzv olmaq niyyətini şərh edən Maslennikov qeyd edib ki, Avropa İttifaqının sürətlə aqressiv hərbi-siyasi bloka çevrilməsi və onun Rusiyaya qarşı konfrontasiyaya yönəlmiş strateji kursunu nəzərə alaraq, “Ermənistanın bu təşkilata üzvlüyə marağı narahatlıq doğurmaya bilməz”.

“Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan Brüssel ilə sürətləndirilmiş yaxınlaşmanın həm müttəfiqlik münasibətlərimiz, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafı üçün potensial mənfi nəticələrini dərk edəcək”, – deyə Maslennikov vurğulayıb.

Bununla yanaşı, Rusiya XİN-in Avropa problemləri departamentinin rəhbəri bir daha diqqətə çatdırıb ki, Rusiya tərəfi digər dövlətlərin inteqrasiya birliklərində iştirak etmək üzrə suveren hüququna, eləcə də “iqtisadi inkişaf və əhalisinin rifahının artırılması üçün əlavə imkanlar əldə etmək istəklərinə” hörmətlə yanaşır. Lakin Ermənistan rəhbərliyi “Avropa İttifaqı ilə maksimum yaxınlaşmada maraqlı olduğuna dair birmənalı siqnallar verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti