...

FRANSALI MÜŞAHİDƏÇİLƏR ATƏT-İN MÜŞAHİDƏ MİSSİYASININ TƏRKİBİNDƏ ÖLKƏMİZƏ GƏLƏCƏK

Siyasət Materials 10 Avqust 2005 14:30 (UTC +04:00)

Avqustun 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Fransanın Azərbaycandakı səfirliyinin birinci müşaviri Silven Qiqqeni qəbul edib. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Qəbula görə təşəkkürünü bildirən birinci müşavir 6 noyabr parlament seçkilərini müşahidə etmək üçün Fransadan da müşahidəçilərin gələcəyini və onların ATƏT-in müşahidə missiyasının tərkibində olacaqlarını bildirib.
S.Qiqqen Avropa Şurasının Seçki Məcəlləsinə təklif etdiyi dəyişikliklərdən xəbərdar olduğunu bildirib: "Bunun əleyhinə və ya lehinə getmək bizim işimiz deyil. Əsas odur ki, seçki demokratik keçsin"-deyə diplomat bildirib.

Fransalı diplomat MSK sədri ilə söhbətində seçkilərlə bağlı hazırki vəziyyətlə maraqlanıb. M.Pənahov bildirib ki, hazırda namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi gedir. O, MSK-nın keçirdiyi seminarlar və treninqlər barədə danışıb, maarifləndirmə istiqamətində görülən digər işlərdən söz açıb.

Komissiya sədri dövlət başçısının 11 may 2004-ci il tarixli sərəncamını da xatırladaraq bu sənədin seçki komissiyaları üçün müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diplomat da həmin sərəncamın onlar tərəfindən yüksək dəyərləndirildiyini dilə gətirib.

Xəbər lenti

Xəbər lenti