...

MEDİA BLOKUNUN ÜÇ NAMİZƏDİ İMZATOPLAMA KAMPANİYASINI BAŞA ÇATDIRIB

Siyasət Materials 11 Avqust 2005 13:56 (UTC +04:00)

"Müstəqil Media - 2005" Seçki Blokunun daha üç namizədi imzatoplama kampaniyasını başa çatdırıb. Trend in məlumatına görə, 82 saylı Ağcəbədi seçki dairəsindən namizədliyini irəli sürmüş "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid imzatoplama kampaniyasını başa çatdırıb və o, həftəsonu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcək. Blokun digər üzvü, "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızının da 119 saylı Ağdam kənd seçki dairəsi üzrə imzatoplama kampaniyası başa çatıb və imza vərəqələrini avqustun 12-də MSK-ya təhvil verəcək. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı 107 saylı Qazax seçki dairəsindən namizədliyini verib və hazırda imzatoplama kampaniyası gedir.

"Ədalət" qəzetinin baş redaktoru Aqil Abbasın namizədliyi isə artıq MSK tərəfindən qeydə alınıb. "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili Xoşqədəm Hidayətqızı ilə eyni dairədən - 119 saylı Ağdam kənd seçki dairəsindən namizədliyini irəli sürüb və imzatoplama kapmaniyasını sona çatdırıb. "Olaylar" agentliyi və qəzetinin rəhbəri Yunus Oğuz hələ ki, namizədliyini irəli sürməyib.

Media blokunun Ağdam kənd seçki dairəsində bir-birinə rəqib olan iki namizədinin seçki prosesinin gedişində birinin digərinə güzəştə getməsi gözlənilir. Bu məsələ ilə bağlı Xoşqədəm Hidayətqızı bildirib ki, media blokunda müzakirələr aparılacaq, seçki prosesinin gedişindən asılı olaraq müvafiq bir qərar qəbul ediləcək.

Əgər X.Hidayətqızı ilə A.Mərzili arasında razılığa gəlinməsə, bu seçkidə onlar sonadək öz gücünü sınağa çəkəcəklər.

Xəbər lenti

Xəbər lenti