"Azadlıq" blokunun avqustun 12-də ölkə üzrə 6 seçki dairəsində vahid namizədini müəyyənləndirmək üçün ilkin seçki keçirilib. Seçki blokundan Trend ə bildirilib ki, Əli Bayramlı, Balakən, Masallı, Qazax, Şəmkir və Abşeron rayonlarında bir dairə üzrə ilkin seçki təşkil olunub. 45 saylı Abşeron seçki dairəsindən AXCP və Müsavatın, 46 saylı Əli-Bayramlı seçki dairəsindən AXCP və ADP-nin, 98 saylı Şəmkir seçki dairəsindən hər üç partiyanın, 107 saylı Qazaxdan da hər üç partiyanın, 109 saylı Balakən dairəsindən AXCP və Müsavatın, 71 saylı Masallı dairəsindən AXCP və Müsavatın namizədləri irəli sürülüb.
Seçkinin nəticələrinə görə üç dairədən Müsavat Partiyasının, üç dairədən də AXCP-nin namizədləri qalib gəlib, ADP-nin iki nümayəndəsindən biri sonradan namizədliyini geri götürüb, digəri isə seçilməyib. Səsvermənin yekunlarına görə, 45 saylı Abşeron dairəsindən AXCP-nin namizədi Etibar Talıblı, 46 saylı Əli-Bayramlıdan da bu partiyanın numayəndəsi Teyyub Quliyev seçilib. 98 saylı Şəmkir dairəsindən Müsavatın namizədi Fariz Cəfərov qalib gəlib. 107 saylı Qazax dairəsindən də Müsavat Partiyasının namizədi Arzuman Abdulkərimov seçilib. 109 saylı Balakən seçki dairəsindən AXCP üzvü Məhərəm Mehdiyev, 71 saylı Masallı dairəsindəndən Müsavat Partiyasının üzvü Gülağa Aslanlı vahid namizəd seçilib.
6 seçki dairəsi üzrə keçirilən seçkinin nəticələri "Azadlıq" blokunun liderlərinin toplantısında təsdiq ediləcək.