...

AŞPA SƏDRİ "AZADLIQ" BLOKUNUN LİDERLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 22 Avqust 2005 15:00 (UTC +04:00)

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene Van Der Linden avqustun 22-də "Azadlıq" blokunun üzvləri ilə görüşüb. Trend in məlumatına görə, görüşdə "Azadlıq" blokundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberq və AŞ-nin təmsilçiləri iştirak ediblər.

Görüşdə Azərbaycandakı ictimai-siyasi durum, qarşıdan gələn parlament seçkiləri, seçkiöncəsi vəziyyət barədə müzakirələr aparılıb.

Sərdar Cəlaloğlu bildirib ki, seçkiqabağı AXCP-yə və onun sədrinə qarşı "qara piar" kampaniyası aparılması, ADP funksioneri Qurban Məmmədovun Nizami rayonunda seçki qərargahının dağıdılması, Müsavat və AXCP-nin bölgələrdə şöbələrinə edilən hücumlar barədə qonaqlara məlumat verilib.

ADP sədri Rəsul Quliyevin ölkəyə qayıtmasının və seçkidə iştirakının vacibliyi namizədlərə bərabər şərait yaradılmasının əsas şərti kimi qeyd olunub. S.Cəlaloğlunun sözlərinə görə, ölkədə seçki ilə bağlı müsbət dəyişikliklər də qeyd edilib. Müxalifət liderləri bildiriblər ki, seçkidə iştirak etmək istəyən hər bir namizədin qeydə alınmasında problemlər yaradılmır.

Rene Van Der Linden də öz növbəsində "Azadlıq" blokunun liderəlrinə bildirib ki, Azərbaycanın dövlət başçısı və digər rəsmiləri ilə görüşündə bu problemləri qaldıracaq, seçki ilə bağlı məsələləri diqqətdə saxlayacaq.

S.Cəlaloğlunun sözlərinə görə, "Azadlıq" bloku AŞPA sədrinin seçki ərəfəsində Azərbaycana səfərini və müxalifətçilərlə görüşünü yüksək qiymətləndirir, bu səfəri seçkilərin AŞ tərərfindən diqqətdə saxlandığının əyani göstəricisidir.

"Azadlıq" liderləri həmçinin müxalifət blokları ilə ayrı-ayrı görüşməsindən də razı qalıb. "Çünki hər blokun öz fikirləri, mövqeləri var və buna görə bir-birlərindən fərqlənirlər. Görüşlərin bu formatda davam etdirilməsi lazımdır", - deyə S.Cəlaloğlu bildirib.

Xəbər lenti

Xəbər lenti