...

BAŞ PROKURORUN QƏRARI İLƏ RƏSUL QULİYEVİN ÜZƏRİNDƏN TOXUNULMAZLIQ HÜQUQU GÖTÜRÜLÜB

Siyasət Materials 29 Avqust 2005 13:00 (UTC +04:00)

Azərbaycan Respublikası baş prokurorunun 27 avqust tarixli qərarı ilə deputatlığa namizədlər üçün müəyyən edilmiş toxunulmazlıq hüquqları Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, eks-spiker Rəsul Quliyevin üzərindən götürülüb. Bu barədə Trend ə baş prokurorluqdan məlumat verilib.

Qeyd edək ki, Seçki Məcəlləsinin 70 və 151-ci maddələri seçkidə qeydə alınmış namizədlərə toxunulmazlıq hüquqları verir. Avqustun 27-də Rəsul Quliyevin 36 saylı Xətai 4-cü seçki dairəsindən namizədliyi qeydə alınıb. Lakin baş prokuror R.Quliyevin barəsində həbs qəti imkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarının icra olunması üçün Daxili İşlər Nazirliyinə müvafiq tapşırıq verib.

Baş Prokurorluğun mətbuat xidməti R.Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadəsi ilə bağlı məlumatları da diqqətə çatdırıb: "Rəsul Quliyev 1990-95-ci illərdə "Azərneftyağ" Bakı Neftayırma Zavodunun direktoru vəzifəsində işləyərkən tabeçiliyində olan işçilərlə qabaqcadan əlbir olaraq qrup təşkil edib. Tamah məqsədilə öz qulluq mövqeyindən yararlanaraq vəzifə saxtakarlığı yolu ilə külli miqdarda dövlət əmlakını talayıb, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft emalı üzrə vitse-prezidenti, həm də neft və qaz emalı üzrə Baş İdarənin rəisi, baş nazirin müavini və Milli Məclisin sədri vəzifələrində işləyərkən nefti nemalı və ixracını inhisarda saxlayıb. Qanunla ona verilmiş hüquq və səlahiyyətlərdən aşkar surətdə qəsdən kənara çıxan hərəkətlər, yəni, "Azərneftyağ" İstehsalat Birliyinin özündən sonrakı rəhbərliyini cinayətdə əlbir olduğu xarici ölkə firmalarının nümayəndələri ilə neft məhsullarının ixracına dair qanunsuz müqavilələr bağlmağa sövq edib.

Əvvəlki müqavilələrin şərtləri yerinə yetirilməyərək göndərilmiş neft məhsullarının tam ödənilmədiyi halda, həmin firmaların nümayəndələri ilə yenidən bağlatdırdığı barter müqavilələrinin icrası nəticəsində 107 milyon ABŞ dolları məbləğində dövlət əmlakını mənimsəmə yolu ilə talayıb. R.Quliyev, həmçinin vəzifə səlahiyyətlərini qəsdən aşaraq dövlətin mənafelərinə 10,7 milyon ABŞ dolları məbləğində mühüm ziyan vurub"-deyə baş prokurorluğun məlumatında bildirilir.

R.Quliyevin əməlləri Cinayət Məcəlləsinin mənimsəmə və israfetmə yolu ilə külli miqdarda əmlakı talamağa görə məsuliyyəti nəzərdə tutan 179.3.2, vəzifə saxtakarlığına görə 313, vəzifə səlahiyyətlərini aşmaya görə 309.1 maddələrinin məcmusu ilə tövsif edilərək onun barəsində 10 oktyabr 2000-ci il tarixdə qərar çıxarılıb. İstintaqdan qaçıb gizləndiyinə görə Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qəti imkan tədbiri seçilməklə axtarışı elan olunub.

Xəbər lenti

Xəbər lenti