...

MÜBARİZ QURBANLI: "VENESİYA KOMİSSİYASININ SEÇKİ MƏCƏLLƏSİ İLƏ BAĞLI QƏBUL ETDİYİ QƏTNAMƏ LAYİHƏSİ CİDDİ ƏHƏMİYYƏT KƏSB ETMİR"

Siyasət Materials 13 Sentyabr 2005 18:42 (UTC +04:00)

"Avropa Şurası Venesiya Komissiyasının (VK) Azərbaycan Respublikası Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qəbul etdiyi qətnamə layihəsi ciddi əhəmiyyət kəsb etmir". Bu barədə Trend agentliyinə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı qeyd edib ki, Seçki Məcəlləsi elə Avropa Şurasnın ekspertləri tərəfindən müsbət rəy aldıqdan sonra qəbul edilib: "İkincisi də, araşdırılmalıdır ki, bu qətnamə həqiqətən də Venesiya Komissiyası, yoxsa hər hansı bir təşkilat tərəfindən qəbul edilib".

YAP rəsmisi onu da əlavə edib ki, Seçki Məcəlləsinə hər hansı bir dəyişiklik edilərkən Azərbaycanın milli maraqları önə çəkilib: "Rəsmi Bakı hər hansı bir qanunu qəbul edərkən xaricilərin marağını nəzərə almır".

Müxalifətyönlü "Yeni Siyasət" seçki blokunun təsisçilərindən olan politoloq Eldar Namazov isə bildirib ki, VK-nin Seçki Mcəlləsinə edilən dəyişikliklərlə bağlı məlum qətnamə layihəsi gözlənilən idi.

"Avropa Şurası, ATƏT və bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın Seçki Məcəlləsində göstərilən müddəlarla razı deyildi" - deyən E.Namazov bu təşkilatlar tərəfindən rəsmi Bakıdan Seçki Məcəlləsini dəyişdirməsi ilə bağlı edilən təkliflərin qəbul olunmadığını bildirib.

Digər müxalifətyönlü Demokratik Azərbaycan (DAB) seçki blokunun təsisçilərindən olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı isə bildirib ki, məlum qətnamə layihəsinin qəbul edilməsi Venesiya Komissiyası tərəfindən Azərbaycana növbəti təzyiqdir.

"Azərbaycan müxalifəti Seçki Məcəlləsi ilə bağlı dəfələrlə Venesiya Komissiyasına müraciət edib. Komissiya həqiqətən də seçkilərin keçirilməsinin şəffaflığını təmin etmək fikrində olsaydı vaxtında müraciətlərimizi qəbul edərdi".

Xəbər lenti

Xəbər lenti