Azərbaycan gəncləri tərəfindən ölkədə ilk dəfə ümumrespublika səviyyəsində yeni institut - Azərbaycan Gənclər Parlamenti (AGP) təsis olunub. Bu barədə Trend ə AGP-nin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, AGP ölkənin beş bölgəsini və Bakı şəhərini əhatə edir. "Gənclərin seçki təşəbbüslərinin inkişafı" adlı layihə çərçivəsində avqustun 26-30-dək Şəki şəhərində həyata keçirilən yay düşərgəsinin iştirakçıları AGP-nin üzvləri seçiliblər. Onların arasında parlamentin region və Bakı koordinatorları müəyyənləşdirilib.
AGP-ni təsis etməkdə məqsəd Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin təşəbbüsü ilə yaradılan Gənclər Parlamenti səviyyəsində müdafiə etmək və seçiləcək yeni parlamentə öz təklif və rəylərini hazırlamaqdan ibarətdir. AGP başqa bölgələrdə də öz sıralarını genişləndirməyi qarşısına məqsəd qoyub. Eləcə də Azərbaycan gəncliyinin Avropa strukturlarına və Avropa Gənclər Parlamenti vasitəsilə Avropa Parlamentinə çıxışını təşkil etməyi qarşısına məqsəd qoyub.