...

DEMOKRATİK AZƏRBAYCAN BLOKU İLƏ YENİ SİYASƏT BLOKU MÜTƏMADİ GÖRÜŞƏ BİLMİR

Siyasət Materials 29 Sentyabr 2005 18:46 (UTC +04:00)

"Demokratik Azərbaycan blokunun (DAB) Sədrlər Şurasının üzvləri seçki təbliğatı ilə bağlı rayonlarda olduqlarından "Yeni Siyasət" (YES) bloku rəhbərləri ilə mütəmadi görüşə bilmirik". Bu barədə Trend agentliyinə DAB mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü bildirib.

E.Şükürlü onu da qeyd edib ki, hər iki blok arasında əməkdaşlıqla bağlı saziş imzalanmasına baxmayaraq bir araya gec-gec toplanırlar. Bunun da əsas səbəbi blokların namizədlərinin seçki təbliğatı ilə məşğul olmalarıdır: "Bütün gücümüzü buna sərf etmişik. Heç DAB-ın Sədrlər Şurasının yığıncaqları belə keçirilmir".

DAB səlahiyyətlisi onu da qeyd edib ki, YES öz toplantısını keçirəndə onları da dəvət edirlər. İmkan daxilində YES-in tədbirlərinə qatıldıqlarını deyən E.Şükürlü blokun oktyabrın 1-də namizədləri ilə keçiriləcək toplantısına hələ dəvət almadıqlarını bildirib: "Mitinq məsələsi bir qədər düyünə düşüb ki, ola bilər bu da həmin gün öz həllini tapsın".

E.Şükürlü onu da qeyd edib ki, əgər YES mitinq keçirməyə qərar verərsə və DAB-ın da bu mitinqində iştirakını təklif edərsə bu barədə Sədrlər Şurası qərar verəcək.

Xəbər lenti

Xəbər lenti