Sentyabrın 30-da "Azadlıq" blokunun üzvləri Məmməd Zeynalov (Yeni Müsavat), Rəşid Mansurov (ADP) və İlham Hüseynli (AXCP (islahatçılar) Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Yaşar Əliyevlə görüşüblər. Bu barədə Trend ə BŞBPİ-nin rəis müavini Yaşar Əliyev məlumat verib.
Yaşar Əliyevin sözlərinə görə, görüş zamanı "Azadlıq" blokunun üzvlərinə oktyabr ayının1-də keçiriləcək mitinqlə bağlı xəbərdarlıq edilib. "Biz onlara qəti şəkildə məsləhət görduk ki, Bakı Şəhər İcra Hakimiyyətinin aksiya üçün müəyyən etdiyi marşrutdan kənara çıxmasınlar. Əks təqdirdə, polis də qanunsuzluğun qarşısını almaq üçün bütün lazımi tədbirlərə əl atacaq. Hər hansı qarşıdurma yaranarsa, bütün məsuliyyət "Azadlıq" blokunun üzərində qalacaq".
Rəis müavininin sözlərinə görə, "Azadlıq" blokunun görüşdə iştirak edən üzvləri xəbərdarlığa konkret münasibət bildirməyiblər.
Görüşdə Bakı şəhər prokurorunun birinci müavini də iştirak edib.
Qeyd edək ki, "Azadlıq" bloku oktyabr ayının 1-nə planlaşdırdığı mintinqi Cəfər Cabbarlı heykəlinin ətrafında keçirməyə qərarlıdır. Bakı Şəhər İcra Hakimiyyəti isə müxalifətin bu aksiyası üçün "Qələbə" meydanını müəyyən edib.