...

Fransa səfiri QAT-ın Valans şəhər merinin hərəkətləri ilə bağlı müraciətinə cavab verib

Siyasət Materials 25 Noyabr 2005 15:22 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının iki gün əvvəl Fransanın Azərbaycandakı səfirliyinə göndərdiyi müraciətə noyabrın 25-də cavab verilib. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Qeyd edək ki, QAT sədri səfirliyə müraciətində Fransanın Valans şəhər meriyasının Dağlıq Qarabağdakı separatçı rejimi tanıması ilə bağlı qərarına aydınlıq gətirilməsini tələb etmişdi. Səfir Rolan Blatman cavab məktubunda bildirib ki, Fransada seçki yolu ilə vəzifəyə gələn şəxslər dövlət tabeçiliyində deyillər. Bu şəxslərin də bəyanatları, necəliyindən asılı olmayaraq, Fransa dövlətinin öhdəliklərinə nə təsir edə, nə də onun rəsmi mövqelərini dəyişdirə bilməz. "Bu baxımdan xatırladıram ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bir sözlə, heç bir dövlət, hətta Ermənistan bunu etməyib"-deyə səfir cavabında vurğulayıb. Diplomat Fransanın Minsk qrupunun həmsədr dövləti kimi Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak etdiyini də xatırladıb.

QAT Fransa səfirinin müraciətə dərhal cavab verməsini müsbət qiymətləndirib. Lakin eyni zamanda bu ölkədə "seçki yolu ilə hakimiyyətə gəlmiş şəxslərin" hərəkətlərinə görə Fransa hökumətinin məsuliyyət daşımaması barədə fikirlərlə isə razılaşmayıb və bunu qeyri-səmimi mövqe kimi dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti