...

Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal olunmuş 132 km Azərbaycan-İran dövlət sərhəddindəki vəziyyət müzakirə olunub

Siyasət Materials 13 Dekabr 2005 19:38 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin İran İslam Respublikasına (İİR) rəsmi səfəri zamanı Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal olunmuş 132 km Azərbaycan-İran dövlət sərhəddindəki vəziyyət müzakirə olunub. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

E.Quliyevlə İİR-in Sərhəd Xidmətinin rəhbəri general-mayor Behnam Şəriətifər arasında keçirilən görüşdə həmçinin ikitərəfli əməkdaşlığın vəziyyəti, qaçaqmalçılığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə və digər məsələlər də müzakirə olunub.

Həmçinin, vətəndaşların dövlət sərhədindən keçidinin sadələşdirilməsi, yeni buraxılış məntəqələrinin açılması, müştərək bazarların fəaliyyətinin tənzimlənməsi, Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər rayonlarına getmək üçün İİR ərazisindən istifadə etməklə avtobus marşrutlarının təmin edilməsi, Azərbaycan və İran sərhədçilərinin beynəlxalq müstəvidə əməkdaşlığının perspektivləri də generallar arasındakı söhbətin əsas mövzusu olub.

Müzakirələr zamanı sərhəd mühafizəsi sahəsində ikitərəfli münasibətlərin inkişaf səviyyəsi müsbət qiymətləndirilib. İki ölkə arasında sərhəd çaylarının öz məcrasına qaytarılması, sahilbərkitmə işlərinin aparılması, sərhəd nişanlarının qorunması ilə bağlı təkliflər də diqqət mərkəzində olub.

Səfər çərçivəsində Elçin Quliyev həmçinin İİR-in daxili işlər naziri Mustafa Purməhəmmədi və Nizam-İntizam Qüvvələrinin rəisi general İsmayıl Əhmədimüqəddəmlə də görüşlər keçirib.

Azərbaycan və İran sərhəd xidmətlərinin nümayəndə heyətlərinin III görüşünün Bakı şəhərində keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti