...

Azərbaycan İran qazının alınmasına başlamaq niyyətindədir

Siyasət Materials 27 Dekabr 2005 15:23 (UTC +04:00)
Azərbaycan İran qazının alınmasına başlamaq niyyətindədir

Azərbaycan İrandan 1 mlrd m3 qaz almaq niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 27-də keçirilmiş mətbuat konfransında Azəriqaz QSC-nin sədri Əlixan Məlikov bəyan edib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə hazırda bu istiqamətdə texniki işlər aparılır.

"İranın qaz sistemi 55-75 atmosfer təzyiqi altında işləyir, lakin bizim sistemdə belə imkan yoxdur. Buna görə də Astarada xüsusi qurğular quraşdırmaq lazımdır. Bu işlərin həyata keçirilməsinə 2 ay tələb olunacaq", - deyə o qeyd edib.

Ə.Məlikov onu da bildirib ki, İrandan alınan qaz xüsusilə Əlibayramlı DRES-nin yanacaqla təmin olunmasına sərf ediləcək.

Qazın həcminə gəldikdə, QSC sədri bildirib ki, müqavilənin şərtlərinə Azərbaycanın Sənaye və Energetika nazirliyi tərəfindən baxılır.

Ə.Məlikov onu da vurğulayıb ki, Azərbaycan 2006-cı ildə Rusiyadan 4,5 mlrd m3 qaz alacaq. "Lakin Azərbaycan və Rusiya arasında bağlanmış müqavilənin şərtlərinə görə, biz idxal qazının həcmini 3,5 mlrd m3-ə qədər azalda bilərik", - deyə o əlavə edib.

Onun sözlərinə görə, İranla qazın alınmasına dair ikinci müqavilənin bağlanması ilə əlaqədar NMR-in qaz təchizatında heç bir problem yaranmayacaq. Bu məsələ həmin müqavilədə öz əksini tapacaq. 2006-cı ildə isə İran NMR-ə 250 mln m3-ə qədər qaz tədarük edəcək.

Xəbər lenti

Xəbər lenti