...

İlham Əliyev: Qarşıdakı illər Azərbaycan üçün yüksəliş dövrü olacaq

Siyasət Materials 28 Dekabr 2005 19:50 (UTC +04:00)
İlham Əliyev: Qarşıdakı illər Azərbaycan üçün yüksəliş dövrü olacaq

Qarşıdakı illər Azərbaycan üçün yüksəliş dövrü olacaq. Trend bildirir ki, milli valyutanın - manatın yeni dizaynının dekabrın 28-də keçirilən təqdimetmə mərasimində Azərbaycan prezidenti İlham Əliyev bu barədə bəyan edib.

Dövlət başçısı qeyd edib ki, 1996-cı ildən başlayaraq Azərbaycan iqtisadiyyatının inkişaf tempi ildə orta hesabla 10 faiz təşkil edib və belə bir şəraitdə yeni valyutanın dövriyyəyə buraxılmasının çox böyük əhəmiyyəti vardır.

"2005-ci ildə iqtisadi inkişaf tempinə əsasən, Azərbaycan dünyada birinci yeri tutub. Bugünkü gündə Azərbaycan sürətli inkişaf ərəfəsindədir.Respublikada artıq möhkəm iqtisadi bazis mövcuddur. Bu gün aparılan islahatlar milli iqtisadiyyatı daha da gücləndirib"-deyə İlham Əliyev qeyd edib.

Dövlət başçısı qeyd edib ki, ötən illərdə investisiya daxilolmalarının əsas axını xaricdən gəlirdisə, bugünkü gündə iqtisadi artım irimiqyaslı daxili investisiyaların həcmini genişləndirməyə imkan verir.

"Manatın yeni dizaynı yalnız milli valyutanın şəklinin dəyişməsi deyil. Bu, Azərbaycanın iqtisadi artımının təzahürüdür"-deyə prezident əlavə edib və vurğulayıb ki, istisnasız olaraq son illərdə ölkə rəhbərliyi tərəfindən aparılan bütün iqtisadi islahatlar uğurlu olub.

Prezidentin sözlərinə görə, 1990-cı illərin ortalarında başlanmış islahatlar sayəsində Azərbaycan regionda iqtisadi baxımdan aparıcı dövlətə çevrilib.

İlham Əliyev ümid etdiyini bildirib ki, yaxın illərdə iqtisadi inkişaf tempi daha da yüksələcək. O, qeyd edib ki, bugünkü gündə makroiqtisadi sabitliyin saxlanılması ölkə üçün daha böyük əhəmiyyət kəsb edir.Prezidentin sözlərinə görə, son on ildə Azərbaycanda iqtisadi sabitlik təmin edilib və Milli bankın bu sahədə strategiya və siyasəti böyük rol oynayıb.

Dövlət başçısı 2005-ci ilin əvvəlində inflyasiyanın çoxalmasını misal göstərib. Amma Azərbaycan Milli bankının təcili tədbirləri sayəsində vəziyyət bərpa edilib və ilin sonunadək inflyasiyanın səviyyəsi normallaşıb. Eyni zamanda, dövlət başçısı daha dəqiq iqtisadi strategiyanın aparılması zərurətini qeyd edib.

İlham Əliyevin sözlərinə görə, yaxın gələcəkdə iri regional layihələrin gerçəkləşdirilməsi, güclü infrastrukturun yaradılması ilə bağlı tədbirlərin keçirilməsi, əhalinin rifah halının yüksəldilməsi və s. bu kimi işlərin həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti