...

İlham Əliyev: Kadr dəyişiklikləri təbii prosesdir

Siyasət Materials 28 Dekabr 2005 21:04 (UTC +04:00)

Kadr dəyişiklikləri təbii prosesdir. Demək olmaz ki, həmin proses Azərbaycanda 2005-ci ildə başlayıb. Kadr dəyişiklikləri həmişə olub, sadəcə həmin proses 2005-ci ilin sonunda gücləndirilib. Trend bildirir ki, dekabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev bu barədə jurnalistlərə bəyan edib.

"Dəyişiklikləri təbii qəbul etmək lazımdır. Vəzifə əbədi deyil və heç kim vəzifəyə ömürlük təyin edilmir. Prezidentin də müəyyən səlahiyyət müddəti vardır. Buna görə də hər bir şəxs bilməlidir ki, hər bir məmurun səlahiyyət müddəti vardır. Əgər o, öz səlahiyyətlərini uğurla icra edirsə, onda bu, qiymətləndirilir. Əgər söhbət ciddi natamamlıq və səhvlərdən gedirsə, onda əlbəttə vəzifədən çıxarılma məsələsi qaldırılır"-deyə İ.Əliyev qeyd edib.

Dövlət başçısı Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinin gerçəkləşdirilməsi məsələsinə toxunub və qeyd edib ki, neft kəmərinin istismara verilməsi həm də Azərbaycanın hərbi büdcəsinin səviyyəsinin ildə 600 mln. dollaradək artırılması üçün imkan yaradır. "Bunu Ermənistan da, vasitəçi təşkilatlar da başa düşür. Azərbaycan iqtisadi baxımdan gücləndikdən sonra bir çox şey edə bilər və BTC layihəsi rəsmi Bakının ixtiyarında olan çox mühüm vasitədir"-deyə dövlət başçısı qeyd edib.

Rusiya qazının respublikaya ixracından danışan İlham Əliyev qeyd edib ki, Azərbaycan hökuməti "Qazprom" şirkəti ilə 2006-cı ildə qaz tədarükünə dair saziş imzalayıb. "Biz hesab edirik ki, bu qaz Azərbaycana lazımdır"-deyə dövlət başçısı qeyd edib. O, bildirib ki, Azərbaycanın min kubmetri 61-62 dollar qiymətində qaz alınması üçün müqaviləsi olub. "Bizim digər çıxış yolumuz yox idi. Buna görə də 4.5 mlrd. kubmetr qaz alışı üçün müqavilə imzalandı"-deyə prezident bildirib və qeyd edib ki, rəsmi Bakı "alternativ mənbələr axtarır".

"Gələcəkdə Azərbaycan tərəfindən İran qazının alışı məsələsi qoyula bilər. Hələlik bu barədə danışmaq tezdir"-deyə İlham Əliyev qeyd edib. O, xatırladıb ki, bu günlərdə Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatı bərpa edilib.

Prezident qeyd edib ki, 2006-cı ildə Azərbaycanda "Azəri" və "Çıraq" yataqlarında təqribən 3 mlrd. kubmetr təbii qaz hasil ediləcək. "Mən ümid edirəm ki, 2006-cı ilin sonunadək "Şah-Dəniz" yatağında qaz hasilatı başlayacaq"-deyə prezident İlham Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti