...

Ötən il Azərbaycanın Ədliyyə Nazirliyi tərəfindən 5.769 hüquqi şəxs dövlət qeydiyyatına alınıb

Siyasət Materials 23 Fevral 2006 14:44 (UTC +04:00)

2005-ci il ərzində Azərbaycanın Ədliyyə Nazirliyi (ƏN) tərəfindən 5.769 hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Trend xəbər verir ki, bu barədə ƏN Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin rəisi Fazil Məmmədov məlumat verib.

F.Məmmədov bildirib ki, hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı büdcəyə 442 milyon manat (88.400 ayn) dövlət rüsumu ödənilib. "Ötən il dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdən 5.390-ı kommersiya, o cümlədən, 419-u xarici investisiyalı kommersiya təşkilatı olub. Hesabat dövründə qeyri-kommersiya təşkilatlarının qeydiyyatı ilə bağlı da ciddi irəliləyiş müşahidə olunub. Belə ki, 2004-cü illə müqayisədə 2,2 faiz çox - yəni 379 belə qurum dövlət qeydiyyatına alınıb" - deyə F.Məmmədov söyləyib.

İdarə rəisinin sözlərinə görə, hazırda ölkədə 2100-dək qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Bundan başqa, 2005-ci ildə 8 siyasi partiya dövlət qeydiyyatına alınıb. Ümumilikdə dövlət qeydiyyatına alınmış partiyaların sayı 50-yə çatıb, habelə ötən il 484 mətbu nəşr dövlət reyestrinə daxil edilib.

2005-ci il ərzində qrant alınması haqqında müqavilələrin qeydiyyatı ilə bağlı ƏN-ə 46 resipiyent tərəfindən 155 müqavilə təqdim olunub. Həmin məlumatlara əsasən alınmış qrantların məbləği 2.724.570 ABŞ dolları təşkil edir. "Son 2 ilin təhlili göstərir ki, ölkə üzrə dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının yalnız 2 faizi belə məlumatları təqdim edib. Qrant alınması haqqında müqavilələri qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətində ƏN-ə təqdim etmədiyinə görə 7 qeyri-hökumət təşkilatı inzibati məsuliyyətə cəlb edilərək cərimə olunub" - deyə F.Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti