...

Bahar Muradova: "Beynəlxalq təşkilatlar bizim yerimizə problemimizi həll etməyəcək"

Siyasət Materials 9 Mart 2006 12:43 (UTC +04:00)
Bahar Muradova: "Beynəlxalq təşkilatlar bizim yerimizə problemimizi həll etməyəcək"

Müsahibimiz Azərbaycan Milli Məclisi sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Bahar Muradovadır

- Bəzi müxalifətçilər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycana edilən tövsiyələrin iyunda keçiriləcək yay sessiyasınadək yerinə yetirilməyəcəyi təqdirdə rəsmi Bakının qurum tərəfindən cəzalandırılacağını söyləyirlər. Qış sessiyasında aparılan dinləmələrdə iştirak edən bir şəxs kimi bu barədə nə deyə bilərsiniz?

- Hər hansı məsələ AŞ PA-nın monitorinqindədirsə, onunla bağlı müzakirə açılır. Bu müzakirədə həmin dövlət ya tənqidə məruz qalır, ya da fəaliyyəti qənaətbəxş hesab edilir. Eyni aqibət Azərbaycanı da gözləyə bilər. Ancaq bunun mandat məsələsi ilə əlaqələndirilməsinin əleyhinəyəm. Çünki bu məsələni mandatla əlaqələndirən AŞ PA-nın bəzi nümayəndələri elə həmkarları tərəfindən tənqidə məruz qaldılar. Bunun düzgün olmadığı bildirildi.
Eyni zamanda Azərbaycan AŞ PA-ya könüllü olaraq qəbul edilib. AŞ PA isə cəzalandıran orqan deyil. Biz bu qurumda təmsil olunmaqda maraqlı olduğumuz kimi, təşkilat da sıralarının genişlənməsində maraqlıdır. Azərbaycan istənilən beynəlxalq təşkilatın tövsiyəsinə hörmətlə yanaşır. Biz irəli sürülən təkliflər üzərində ciddi düşünürük və bunlar zaman-zaman həyata keçirilir. Əgər kimlərsə bu əməkdaşlığın möhkəmlənməsinə xidmət edən tövsiyləri özünün siyasi ambisiyalarının reallaşması üçün bir şantaj aləti kimi istiafdə etmək istəyirsə, bu alınmır. Biz öhdəliklərimizin nədən ibarət olduğunu bilirik və bunların yerinə yetirilməsi üçün addımlar atmağa siyasi iradəmiz çatır.
Müxalifət isə qısa zamanda düzgün hesablanmamış bir addım atdığı üçün daim uğursuzluqlarla üzləşir. Avropa Şurasına bəslənmiş ümidlər özünü doğrultmayanda isə bunu başqa amillərlə izah etməyə çalışırlar. İstərdim ki, müxalifət üzləşdiyi uğursuzluğun səbəbini öz fəaliyyətində axtarsın.

- Ancaq Seçki Məcəlləsinə dəyişikliklərin edilə biləcəyini istisna etmisiniz...

- Prinsip etibarilə istənilən qanun zaman-zaman dəyişikliyə məruz qalır. Mən Seçki Məcəlləsinin nə zamansa dəyişikliyə məruz qalacağını istisna etməmişəm. Prezident seçkilərindən sonra adıçəkilən məcəlləyə bir neçə dəyişiklik edilib. "Siyasi partiyalar haqqında" qanuna da dəyişikliklər edilməsi təklifini vermişik. Qanunların birinin digəri ilə bağlılığı var. Birində dəyişikliyin edilməsi digərinin də bu prosesə uyğunlaşdırmasını tələb edir. Bu mənada siyasi reallıqlar tələb edərsə, Seçki Məcəlləsi dəyişilə bilər. Bu, inkişafın göstəricisidir. Qanun ictimai-siyasi münasibəti tənzimləyən sənəddir. Ona görə də əvvəlcə münasibətlər inkişaf edir, sonra onu tənzimləyən müddəalar meydana çıxır. Biz əvvəlcədən norma müəyyənləşdirib vəziyyəti ona uyğunlaşdırmırıq. Həyatın diqtəsinə, vəziyyətinə, reallıqlarına uyğun normalar müəyyənləşdirirk. Əgər kimlərsə "Seçki Məclləsində dəyişiklik olacaq" deyib, özlərinə səfr edən müddaların bu məcəlləyə salınmasını düşünürlərsə, yanlış yoldadırlar. Azərbaycanda normal inkişafı stimullaşdıran dəyişiklikləri həmişə bütün qanunlarımıza daxil etmişik.

- AŞ PA-nın Dağlıq Qarabağ məsələsində tutduğu mövqe bəlli olsa da, real və əməli addımların atılmamasını nə ilə izah edə bilərsiniz? Bəzən bu nailiyyətlərin əldə edilməməsini Azərbaycanın nümayəndə heyətinin beynəlxalq təşkilatlardakı fəaliyyəti ilə bağlayırlar.

- Həm AŞ PA-da, həm də ATƏT PA-da Azərbaycanın nümayəndələri kifayət qədər fəaldır. Yaranmış vəziyyətə uyğun adekvat addımlar atmağı bacarır və bunu kifayət qədər arqumentləşdirirlər. Kimsə düşünürsə ki, bizim mövqelərimiz beynəlxalq təşkilatlarda zəifləyib, qətiyyən belə deyil. AŞ PA-da Azərbaycanı gözü götürməyən ölklələrin bizə qarşı hazırladıqları təzyiqlərin nəticəsiz qalması Azərbaycan nümayəndə heyətinin kifayət qədər güclü olmasının göstəricisidir. Məsələn, ATƏT-in qış sessiyasında qurumun müşahidə missiyasının ABŞ-a buraxılmaması ilə bağlı Vaşinqtonun ünvanına ciddi tənqidlər səsləndi. Bu o deməkdirmi ki, dünyanın hegemon dövlətinin ATƏT-də dayaqları zəifləyib? Parlamentdə hər hansı bir məsələ müzakirəyə çıxarılanda müxtəlif fikirlər səsləndirilir. Dağlıq Qarabağ məsələsi ilə bağlı konkret addımlar atılmayıbsa, bu, Avropa Şurasının günahı deyil. Beynəlxalq təşkilatlar arasında yalnız AŞ PA cəsarət göstərərək Ermənistanın təcavüzünə qiymət verib, Ermənistanı işğalçı, Dağlıq Qarabağdakı rejimi isə separatçı adlandırıb. Qurum bu qiyməti verməyi bacarıbsa, deməli, Azərbaycan həqiqətləri bəzi anlarda qəbul olunur. Amma ikili standartlar, ikili yanaşma deyilən anlamı nə qədər də istəməsək də, bəzi beynəlxalq təşkilatların fəaliyyətində hiss edirik.
Bu yaxınlarda Avropa Birliyi tərəfindən "Azərbaycanda mədəni irs" adlı məlum sənəd qəbul olundu. Amma bundan sonra beynəlxalq təşkilatlar tərəfindən tənqidə məruz qaldı. Bunun özü Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə qəbul olunması deməkdir. Ən azı ona görə ki, həqiqət bizim tərəfimizdədir. İkili standartlar nə qədər mövcud olsa belə, biz onun təzyiqindən qurtularaq irəli getməyi bacarmalıyıq. İkili standartlar var deyə biz fəaliyyətimizdən geri qalmamalıyıq. Beynəlxalq siyasətdə belə bir qayda var ki, hər bir dövlət öz maraqlarından çıxış edir. Böyük dövlətlərin buna böyük, kiçik dövlətlərin, iqtisadi cəhətdən az inkişaf etmiş dövlətlərin isə az imkanları var. Təəssüflər olsun ki, Azərbaycan nə qədər zəngin sərvətlərə malik olsa da, qonşumuz məkrlidir. Sərvətimizdə, torpağımızda gözü olan qonşu bizim üçün daim problemlər yaradır.

- Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri kimi qurum tərəfindən Dağlıq Qarabağ probleminə qiymət verilməməsini necə izah edə bilərsiniz?

- Bilirsiniz ki, fevralın 23-dən 27-dək Vyanada ATƏT PA-nın 5-ci qış sessiyasında iştirak etdik. Qurumun rəhbərinin, ayrı-ayrı komitələrin rəhbərlərinin danışıq və davranışlarında Azərbaycana qarşı hər hansı neqativ cəhət hiss etmədim. Neqativ olan odur ki, nəticə yoxdur. Biz həmişə ATƏT-in fəaliyyətini tənqid etmişik. Qurumun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fəaliyyətində heç bir irəliləyiş yoxdur. Qeyd edim ki, eyni münasibət ATƏT PA-nın qış sessiyasında Gürcüstana da göstərilib. Gürcüstan parlamentinin spikeri Nino Burcanadze Abxaziya və Osetiya məsələsini sessiyada qaldıranda kəskin cavab verildi ki, biz sizin yerinizə problemi həll etmyəcəyik. Problemi münaqişə tərəflərinin özləri həll etməlidir. Kimsə ölkəsinin üzləşdiyi problemin həllini hansısa beynəlxalq təşkilatdan gözləyirsə, bu, düzgün deyil. Unutmamalıyıq ki, məsələnin ağırlığı bizim öz üzərimizdədir. Biz beynəlxalq təşkilatı vadar etməyi bacarmalıyıq ki, hansı tərəfə lazımdırsa, o tərəfə təzyiq göstərsin. Təbii ki, beynəlxalq təşkilatlar bizim yerimizə problemimizi həll etməyəcəklər. Bunu açıq şəkildə söyləyirlər. Biz də öz növbəmizdə sessiyada Dağlıq Qarabağ problemi, ATƏT-in müşahidəçi mövqeyi, Ermənistanın münaqişənin həllinə qeyri-konstruktiv yanaşması, Xocalı soyqrımının tanınması ilə bağlı ATƏT-in laqeydliyi, quruma üzv olan bəzi dövlətlərin parlamentlərinin qondarma "erməni soyqırımı"nı tanıması və bunun müqabilində Xocalı soyqrımına göz yumulması barədə kəsərli çıxışlar etdik.
Ancaq hansısa ölkənin parlamentarisini məcbur etmək olmaz ki, bizim problemə ürək ağrısı ilə yanaşsın. Problemimizlə bağlı nə qədər material paylansa da, danışıqlar aparılsa da, bir çoxları bu məsələnin nədən ibarət olduğunu hələ də anlamır. Amma bütün bunlara baxmayaraq, ermənilər Azərbaycana qarşı məkrli planlarını həyata keçirməyə cəhddən yorulmadıqları kimi, biz də onların cəhdlərinin qarşısını almaqdan ötrü beynəlxalq səviyyədəki fəaliyyətimizdən yorulmuruq. Hər halda mən düşünmürəm ki, ATƏT məsələnin nə yerdə olduğunu bilmir. Haqlı sualdır ki, ATƏT Dağlıq Qarabağ probleminə niyə qiymət vermir. Mən də bu sualı orada ünvanladım. Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan bu qurum nədənsə bu və ya digər qiyməti verməkdən çəkinir. Yəni onların söylədiyi arqument bundan ibarətdir ki, kiməsə təcavüzkar demək sülh danışıqlarına nöqtə qoymaq demək olardı. Amma istənilən halda əgər biz beynəlxalq prinsiplərin hər yerdə hakim olmasını və özümüzü də bu prinsiplərə əməl edən tərəf kimi göstərmək istəyiriksə, həqiqəti açıq deməliyik. Nəzərinizə çatdırım ki, ATƏT-in Dağlıq Qarabağ məsələsi üzrə məruzəçisi Qoran Lenmarker belə bir məruzə üzərində işləyir. Onu da bildirim ki, əgər prezidentlərin Rambuye görüşləri nəticəsiz bitibsə, artıq tərəflər öz mövqelərinə yenidən baxacaqlarını söyləyirlərsə, Q.Lenmarkerin məruzəsinin nə dərəcədə bitkin olmadığını təsəvvür etmək olar. Hər halda düşünürəm ki, Dağlıq Qarabağ məsələsində hər hansı bir ciddi irəliləyiş olmadan, sülh danışıqlarında müsbət nəticə əldə edilmədən ATƏT-in özündə də bu məsələyə baxılmasını və hansısa təsiredici qərarın qəbul edilməsini gözləmək sadəlövhlük olardı.

- Bahar xanım, Milli Məclisdə yaradılmış parlamentlərarası dostluq qruplarının istənilən səviyyədə fəaliyyət göstərə bilməmələrinin səbəbi nədir?

- Bu məsələdə sizinlə razıyam. Bir çox məsələlər Azərbaycanın iqtisadi imkanlarından asılıdır. Bu dostluq qrupları parlamentin ötən və ondan əvvəlki çağırışlarında müəyyənləşdirilib. Dostluq qruplarının fəaliyyəti digər ölkələrin Azərbaycanla bağlı dostluq qrupları ilə əlaqələr yaratmaq, qarşılıqlı səfərlər təşkil etmək, beynəlxalq konfranslarda təmsil olunmaq və s. kimi məsələlərlə bağlıdır. Bu məsələlər nə qədər intensiv və mütəmadi həll olunarsa, dövlətlərarası əlaqələr güclənər. Bu fəaliyyəti günün tələbləri səviyyəsində qurmaqdan ötrü intensiv addımlar atmağı düşünürük. Belə bir göstəriş parlamentin rəhbərliyi tərəfindən dostluq qruplarının rəhbərlinə edilib.

- Parlamentdə hansı qanunların qəbulu birinci dərəcəli məsələ kimi gündəlikdədir?

- Cəmiyyətin bu gün gözlədiyi "Təhsil haqqında", gender bərabərliyinin təminatları, elm və texnika sahəsi ilə bağlı qanunlardır. "Siyasi partiyalar haqqında" qanunun qəbulu tez bir zamanda reallaşacaq. ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə bu günlərdə keçirilən seminarda iştirak edən və əvvəllər adıçəkilən qanun layihəsinə dəyişikliklərin edilməsini hakimiyyətin yeni təzyiq forması kimi qəbul edən partiya rəhbərlərinin özləri də bu gün açıq şəkildə etiraf edirlər ki, "Siyasi partiyalar haqqında" qanunun bəzi müddəaları dəyişilməlidir.

- Parlamentin yaz sessiyasının ikinci iclasında bəzi müxalifətçi millət vəkillərinin hərəkətləri bundan sonra da təkrarlanarsa, bu, gələcək fəaliyyətə mənfi təsir göstərməyəcək ki?

- Heç bir təsir göstərmir, sadəcə olaraq söz-söhbətə səbəb olur. Onların hərəkətləri insanlar arasında parlamentin ciddi bir qurum olması haqqında təsəvvürlərə müəyyən mənada mənfi təsir edir. Amma mən düşünürəm ki, normal mühakimə və müşahidə qabiliyyəti olan hər bir Azərbaycan vətəndaşı ayrı-ayrılıqda fərdlərin fəaliyyətinə görə parlamentə qiymət verməməlidir. Parlamentin əsl qiyməti onun qəbul etdiyi qanunlarda, Azərbaycanda gedən proseslərə operativ və çevik müdaxiləsində, məsələlərə obyektiv qiymət verməsində və insanları narahat edən məsələləri müzakirə predmetinə çevirməsindədir. Azərbaycan parlamenti bu işin öhdəsindən gəlir. İndi bəzi adamlar var ki, nə bu işdə iştirak edirlər, nə bu işlə məşğul olanların işini qəbul edirlər, Sadəcə, özlərini hər yerdə ərköyün uşaq kimi aparmaq istəyirlər... Amma normal, ağıllı insan özünü o yerə qoymaz ki, kimlərsə onun hərəkətlərinə irad tutsun. Bu gün kimlərisə ittiham edənlərin özləri "Deputatların fəaliyyəti haqqında" qanunun müddəalarına əməl etmirlər. Mən indi kimlərinsə adını çəkmək istəmirəm. Çünki bütün bu hərəkətlər mətbuatın gözü qarşısında populistcəsinə göstərilən cəhddir. Parlamentin zalında "özünü göstərən"dən sonra foyedə telekanallar qarşısında müsahibələr vermək qəhrəmanlıq deyil.

- Seçkilərdən sonra parlamentin legitimliyini tanımayan, ancaq sonradan onun fəaliyyətinə qoşulan millət vəkillərinin mövqeyini necə qiymətləndirirsiniz?

- Onların özləri bunu siyasi reallıqlarla izah edirlər. Amma bu, sadəcə onların öz hərəkətlərinə haqq qazandırmaq istəyidir. Hər halda özləri bilər. Bu proseslər insanların gözü qarşısında baş verir. Azərbaycan seçiciləri ciddi-cəhdlə parlamentə getməməyi əsaslandırmağa çalışanların ondan daha artıq ciddi-cəhdlə getmələrini əsaslandırmalarını görür və buna qiymət verir. Düşünürəm ki, ötən dəfə olduğu kimi, bu dəfə də xalqın etimadından öz siyasi məqsədləri üçün istifadə etməyə çalışanların çoxu parlamentdən kənarda qaldı. İndi də bunu siyasi şantaj vasitəsinə çevirməyə çalışırlar. İstənilən halda bunların heç birinin Azərbaycan xalqının taleyi ilə, parlamentin işi ilə, Azərbaycanın inkişafı və bugünkü durumu ilə əlaqəsi yoxdur.

Xəbər lenti

Xəbər lenti