Martın 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda bir neçə dairə seçki komissiyasının tərkibi formalaşdırılıb, MSK-ya daxil olmuş bəzi şikayətlərə baxılıb.
Əvvəlcə MSK-nın 4 mart 2006-cı il tarixli iclas protokolu təsdiq edilib. Sonra MSK sədrinin müavini Svetlana Qasımova 50 dairə seçki komissiyasrının tərkibinin formalaşdırılması üçün hər bir dairəyə 3 nəfərin namizədliyi barədə məlumat verib. Onun təklifi səsə qoyulub və 8, 10, 24, 25, 28, 32, 39, 41, 43, 46, 47, 48, 49, 58, 60, 61, 62, 63, 65, 66, 67, 70, 71, 72, 77, 79, 80, 81, 83, 88, 89, 96, 98, 99, 100, 101, 104, 107, 108, 111, 112, 114, 115, 117, 118, 120, 121, 122, 124 saylı seçki dairələrinin yeni tərkibinin 3 nəfər üzvü təsdiqlənib. MSK katibi Natiq Məmmədov isə həmin seçki dairələrinin hər birinə 2 nəfərin üzvlüyünün təsdiq olunması barədə təklifini irəli sürüb və təklif səsə qoyularaq qəbul edilib. MSK üzvü Tamam Cəfərova da adları çəkilən 50 dairənin hər birinə 2 nəfər üzvün təsdiqlənməsi təklifini verib və təklif qəbul olunub. Beləliklə, ölkə üzrə daha 50 dairə seçki komissiyasının 7 nəfərdən ibarət tərkibi formalaşdırılıb.
Natiq Məmmədov təkrar seçkidə iştirak edən bəzi namizədlərin MSK-ya şikayətləri barədə məlumat verib. Həmin şəxslər müvafiq dairə seçki komissiyaları tərəfindən namizədliklərinin qeydə alınmamasından şikayət veriblər. MSK-nın iclasında həmin müraciətlərin əsassız, dairə seçki komissiyalarının qərarının isə düzgün olduğu müəyyən edilib və şikayətlərin təmin olunmaması barədə qərar çıxarılıb.