...

İsrail vətəndaşları bu ölkənin Azərbaycandakı səfirliyində səs verib

Siyasət Materials 16 Mart 2006 14:03 (UTC +04:00)

Martın 16-da İsrailin Azərbaycandakı səfirliyində həmin ölkə Knessetinə (parlament) seçkilər üzrə səsvermə keçirilib. Trend in məlumatına görə, səsvermədən sonra İsrail diplomatik missiyasının rəhbəri Artur Lenk bildirib ki, səsvermədə səfirliyin 8 əməkdaşı və Gürcüstandan Bakıya gəlmiş bir İsrail vətəndaşı iştirak edir.

"Fikirləşməyin ki, Bakıda az sayda seçici səs verəcək. Nümunə üçün demək olar ki, Birmada yalnız 1-2 nəfər səs verir"-deyə A.Lenk qeyd edib və bildirib ki, xaricdə olan çoxlu sayda vətəndaş (900 nəfər) İsrailin Nyu-Yorkdakı diplomatik missiyasında səs verəcək.

"Qutu ümumi səslər hesablanarkən açılmaq üçün İsrailə göndəriləcək"-deyə A. Lenk qeyd edib. Onun sözlərinə görə, səsvermənin nəticələri yalnız sayı 5 milyondan çox olan İsrail seçicilərinin səsləri hesablandıqdan sonra məlum olacaq.

Qeyd edək ki, İsrail Knessetinə 17-ci seçkilər 2006-cı ilin martın 28-nə planlaşdırılıb. Seçki məntəqələrinin ümumi sayı 8 min 519 olacaq. Seçkilərdə 30-dan çox siyasi partiya iştirak edəcək. İsraildə proporsional seçki sistemi mövcuddur, yəni seçicilər konkret deputatlığa namizədlərə deyil, siyasi partiyalara səs verəcək.

İlkin sorğunun yekunlarına əsasən, Knessetdə yerlərin əksəriyyətini üç partiya - "İşçi", "Likid" və bu yaxınlarda yaradılmış "Kadima" partiyaları tutmalıdır.

Xəbər lenti

Xəbər lenti