Bakıda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnibi martın 17-də Azərbaycanın müxalifət partiyalarının rəhbərləri ilə görüşüb. Trend in məlumatına görə, Almaniyanın Azərbaycandakı səfirliyində keçirilən görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazov iştirak ediblər.
Qeyd edək ki, Piter Semnebi Avropa Birliyinin Cənubi Qafqaz üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi olduğundan bu görüş əsasən tanışlıq xarakteri daşıyıb. Lakin görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, insan haqlarının durumu, müxalifətin siyasi proseslərdə iştirakı, Azərbaycanın Avropa Şurası və həmçinin Almaniya ilə əməkdaşlığı və digər məsələləri ətrafında müzakirələr aparılıb.