...

Gültəkin Hacıyeva: "Siyasi məhbus məsələsi artıq AŞPA-da qapanıb"

Siyasət Materials 24 Mart 2006 20:20 (UTC +04:00)

Azərbaycanda siyasi məhbuslarla bağlı məsələ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyinə daxil edilməyib. Trend xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva bildirib.

Millət vəkili qeyd edib ki, bu məsələ artıq öz aktuallığını itirib: "Söhbət vaxtilə 716 nəfərlik siyasi məhbus siyahısından gedirdi ki, artıq bu siyahı qapanıb. Avropa Şurasının siyasi məhbus hesab etdiyi və siyahıda adları hallanan 3 məhbusla bağlı problem çoxdan həll olunub".

G.Hacıyeva onu da vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri hökumət təşkilatları Avropa Şurasına müxtəlif müraciətlər edirlər: "Bu müraciətlər ayrıca məsələ kimi yox, Azərbaycanda insan haqlarının qorunması ilə bağlı məsələ kimi müzakirəyə çıxarıla bilər. AŞPA-nın iyun sessiyasında mayın 13-də keçiriləcək təkrar seçkilər və digər öhdəliklərlə bağlı məsələlər müzakirə olunacaq ki, quruma ünvanlanan müraciətlər də bu sıraya aid ediləcək. Ona görə də siyasi məhbus məsələsinin qurumun yaz və yay sessiyalarında müzakirəyə çıxarılacağına ümid edənlər yanılırlar".

Xəbər lenti

Xəbər lenti