...

Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın ədliyyə nazirini qəbul edib

Siyasət Materials 30 Mart 2006 18:40 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev martın 30-da İtaliyanın ədliyyə naziri, senator Roberto Kastellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Söhbət zamanı İlham Əliyev hər iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. 2005-ci ildə İtaliyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı qeyd edib ki, Romada danışıqlar zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub. "İtaliya və Azərbaycan arasında müxtəlif səviyyələrdə intensiv dialoq aparılır", - deyə prezident vurğulayıb və nazirin bu səfərinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

İtaliyanın ədliyyə naziri ölkələr arasındakı əlaqələri yüksək qiymətləndirərək ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

R.Kastelli İtaliyanın baş naziri Silvio Berluskoninin məktubunu Azərbaycan prezidentinə təqdim edib. Məktubda deyilir ki, "İlham Əliyevin Romaya səfəri ikitərəfli əməkdaşlığın inkişafına böyük təkan verib. Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi Azərbaycanın həm iqtisadi, həm də siyasi həyatında, o cümlədən İtaliya şirkətlərinin də cəlb olunduğu enerji sektorunda müsbət inkişafın təsdiqi olacaq. İtaliya Azərbaycanın Avropaya inteqrasiyası yolunda hər cür yardım göstərməyə daim hazırdır".

Məktubda o da qeyd olunur ki, İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoymaqda maraqlıdır.

Xəbər lenti

Xəbər lenti