"Azərbaycanda təkrar parlament seçkiləri şəffaf keçiriləcək. Və heç kəs Azərbaycanı seçki ilə bağlı hədələyə bilməz". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Qeyd edək ki, Avropa Şurasının prezidenti Rene Van der Linder Azərbaycanda təkrar seçkilərin şəffaf keçirilməyəcəyi təqdirdə ölkəmizin AŞ-də mandatının şübhə altına alına biləcəyini deyib. Əli Həsənov qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və özünün dövlət maraqları var: "Əgər Avropa Şurası Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini dondurmaq istəyirsə, buyursun etsin. Amma heç kəsin, o cümlədən də Rene Van der Lindenin Azərbaycana hədə gəlməyə ixtiyarı yoxdur".
Ə.Həsənov Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Qrossun Azərbaycanda təkrar parlament seçkilərinin müşahidəsindən imtina etməsi barədə mövqeyinə də münasibət bildirib. Ə.Həsənov qeyd edib ki, A.Qross özünü ifşa etmiş bir şəxsdir və artıq özündə qürur tapıb təkrar seçkilərlə bağlı Azərbaycana gəlməkdən imtina edib: "Biz əvvəldən də bilirdik ki, o, Azərbaycana seçkiləri müşahidə missiyasının rəhbəri kimi gəlməyəcək. Onun qərəzli mövqeyi Avropa Şurasında əksər ölkələr tərəfindən dəstəklənmədikdən sonra hansı üzlə Azərbaycana gələ bilərdi? Amma gəlmək istəyirsə buyursun, biz qapıları onun üzünə bağlamırıq. Hesab edirəm, artıq onun qüruru imkan vermir ki, yenidən gəlib Azərbaycanla bağlı uydurma mövqeyini Avropa Şurasına çıxarsın və dəstək almasın"-deyə Prezident Aparatı rəsmisi vurğulayıb.