13 mayda 10 dairə üzrə keçiriləcək təkrar parlament seçkisində iştirak edən namizədlərin sayı 138 nəfər olub. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Qeyd edək ki, namizədlərin irəli sürülməsi mərhələsi dövründə namizədliyi təsdiq edilənlərin sayı 218 nəfər idi. Onlardan 215 nəfəri imza vərəqələrini götürmüş, lakin 196 nəfəri imza vərəqələrini təhvil vermişdi. 196 nəfərdən 21-nin namizədliyinin qeydə alınmasından imtina olunub, 17 nəfər isə sonradan namizədliyini geri götürüb. Bundan sonra namizədliyi qeydə alınanların sayı 158 nəfər olub. Apellyasiya Məhkəməsi iki nəfərin qeydiyyatını ləğv edib. 18 nəfər isə özü könüllü şəkildə namizədliyini geri götürüb. Hazırda seçkidə iştirak edən namizədlərin sayı 138 nəfərdir.
Namizədlərdən yalnız 25-i qadınlardır. Siyasi mənsubiyyətinə gəldikdə, namizədlərdən 67 nəfəri bitərəfdir. 20 nəfər siyasi mənsubiyyətini göstərməyib. Müsavat Partiyasının 12, Yeni Azərbaycan Partiyasının 10, Büyöv Azərbacyan Xalq cəbhəsi Partiyasının 5, Azərbaycan Milli İstiqlal Partiyasının 5, Ədalət, Kommunist, Ümid partiyalarının 3, qalan partiyaların isə hər birinin bir nəfər namizədi seçkidə iştirak edir. 126 nəfərin namizədliyi özü tərəfindən, qalanları isə siyasi partiyalar və təşəbbüs qrupları tərəfindən irəli sürülüb.