Azərbaycanın sərhədyanı bölgələrində insan alverinə qarşı mübarizə sahəsində QHT-polis əməkdaşlığına həsr olunmuş dəyirmi masalar keçirilir. Bu barədə Trend ə "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.
"Artıq belə bir ilk tədbir Qusarda keçirilib. Həmin tədbirdə yalnız Qusar rayon polis şöbəsinin istintaqçıları və əməliyyatçıları iştirak ediblər. Lakin aprelin 29-da Qazaxda keçiriləcək növbəti tədbirdə DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları da iştirak edəcəklər. Tədbirlərin keçirilməsində məqsəd insan alverinə qarşı mübarizə sahəsində qeyri-hökumət təşkilatları ilə polisin birgə fəaliyyət göstərməsinə mane olan amillərin aradan qaldırılmasına nail olmaqdır" - deyə M.Zeynalova bildirib.
Hüquq müdafiəçisi bildirib ki, paytaxtdan fərqli olaraq sərhədyanı bölgələrdə insan alverinə qarşı mübarizə sahəsində polislə qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mövcud deyil. "Dəyirmi masalarda iştirak edən polis əməkdaşları bu sahədə bölgələrdə fəaliyyət göstərən QHT-lərlə əməkdaşlığın hələ də baş tutmamasını müxtəlif amillərlə əsaslandırırlar və çox vaxt günahı QHT-lərdə görürlər" - deyə o, vurğulayıb.
Növbəti tədbir aprelin 29-da Qazaxda, daha sonra isə Gəncə, Balakən, Masallı və Naxçıvanda keçiriləcək.
Hazırlanan tövsiyə və təkliflər daxili işlər nazirinin müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə milli koordinator Vilayət Eyvazova təqdim olunacaq.