...

Volf Diter Tal: 2008-ci ilin mayına qədər Oğuz-Qəbələ-Bakı su kəməri istismara veriləcək

Siyasət Materials 28 Aprel 2006 16:10 (UTC +04:00)
Volf Diter Tal: 2008-ci ilin mayına qədər  Oğuz-Qəbələ-Bakı su kəməri istismara veriləcək

2008-ci ilin mayına qədər Oğuz-Qəbələ-Bakı su kəməri istismara veriləcək. Bu barədə Trend agentliyinin məlumatına əsasən, CES Consulting Engineers şirkətinin layihə üzrə rəhbəri Volf Diter Tal bildirib.

Onun sözlərinə görə, şirkət layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması sahəsində iş aparır.

Bu işlər 2006-cı ildə başlanıb və avqustda başa çatacaq. Texniki-iqtisadi əsaslandırmanın hazırlanması iki mərhələdə gerçəkləşdirilir. Birinci mərhələdə kəmərin marşrutu müəyyənləşdirilir, tikinti zamanı istifadə olunacaq borular yoxlanılır, ikincidə isə kəmərin layihəsi çəkilir, tikinti-quraşdırma işləri üzrə tender sənədləri hazırlanır.

Mütəxəssisin sözlərinə görə, tikinti işləri zamanı bütün sistem avtomatlaşdırılacaq, köməkçi qurğular quraşdırılacaq, təhlükəsizlik qaydaları nəzərə alınacaq.

Suyun paylaşdırılmasına toxunan şirkət nümayəndəsi qeyd edib ki, bu məsələlərlə səhmdar cəmiyyətinin özü məşğul olacaq.

Bakıda su təchizatının yaxşılaşdırılması üçün Oğuz-Qəbələ zonasında kəmərin çəkilməsi haqqında qərar 2002-ci ilin dekabrında prezident Heydər Əliyev tərəfindən qəbul olunub. Bununla əlaqədar Azersu SC mənbədəki su ehtiyatlarının həcmini müəyyənləşdirib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hidrogeoloji tədqiqatlar aparıb.

2005-ci ilin sentyabrın 1-də keçirilən iclasda Oğuz-Qəbələ-Bakı kəmərinin çəkilməsi məqsədəuyğun hesab edilərək, layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması haqqında sərəncam verilib.

Xəbər lenti

Xəbər lenti