...

Manuçöhr Mottəki: İranın nüvə proqramı texniki məsələdir və ona görə də MAQATE-də müzakirə olunmalıdır

Siyasət Materials 4 May 2006 18:58 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, İran xarici işlər naziri Manuçöhr Mottəki Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə bildirib ki, Tehran Atom Energetikası üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlıq etmək niyyətindədir. "İranın nüvə proqramı yalnız sülh məqsədləri üçün nəzərdə tutulub. Tehran MAQATE ilə tam əməkdaşlıq mövqeyində qalmaqdadır", - İran XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, İranın sülh məqsədləri üçün nüvə proqramını inkişaf etdirməsi texniki məsələdir və ona görə də MAQATE-də müzakirə olunmalıdır. Problemin digər instansiyalara verilməsi siyasi məsədir ki, bu da İran üçün yolverilməzdir. "Biz geniş əməkdaşlığa hazırıq" - deyə İran naziri vurğulayıb. O, problemin bu tərzdə həlli mümkünlüyünə ümidvar olduğunu bildirib.

"Hər hansı bir başqa siyasi həll variantı bizim üçün məqbul deyil. Biz maraqlanan tərəflərlə bu məsələni iki şərtlə müzakirə etməyə hazırıq. Birincisi, İranın sülh məqsədləri üçün nüvə enerjisini inkişaf etdirmək hüququ, ikincisi isə, dövlətin bu sahədə beynəlxalq öhdəliklərə sadiq qalmasıdır" - deyə M.Mottəki əlavə edib.

İran XİN başçısı həmçinin, ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu deyib.

Görüş bağlı qapılar arxasında davam edib.

Xəbər lenti

Xəbər lenti