...

Anjey Kasprşik: "Praqa prosesi" Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün yaxşı zəmin yaradır

Siyasət Materials 26 May 2006 15:16 (UTC +04:00)
Anjey Kasprşik: "Praqa prosesi" Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün yaxşı zəmin yaradır

ATƏT sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətdə olan şəxsi nümayəndəsinin Trend ə müsahibəsi

- Siz Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, qoşunların təmas xəttində atəşkəs rejimi saxlanılır. Ancaq bəzən müxtəlif səbəblərlə əlaqədar olaraq gərginlik artır. Biz təəssüf edirik ki, gərginlik nəticəsində bəzən insan itkisi halları da qeydə alınır. Bizim üçün bir hərbi qulluqçunun ölümü çox şey deməkdir. Hər bir şəxs yaddan çıxarmamalıdır ki, hər iki tərəfin atəşkəs rejisminin saxlanması ilə bağlı siyasi arzusu var. Bu, həm də münaqişənin nizamlanması üzrə hazırda ən həssas mərhələdə olan danışıqların aparılması üçün şərtdir.

Belə şəraitdə gənc hərbi qulluqçunun xüsusilə snayper tərəfindən bilərəkdən yaralanması və ya həlak olması yolverilməzdir.

- 2006-cı ildə atəşkəsin pozulması halları artıbmı? Belə halların azaldılması üçün tərəflər hansı tədbirləri görməlidir?

- Bizdə atəşkəsin pozulması faktları ilə bağlı dəqiq məlumatlar yoxdur və müdafiə idarələrinin açıqladığı rəqəmlərə əsaslanırıq. Əslində bədbəx hadisə qeydə alınırsa, yaxud atəş davamlıdırsa, yəni atışma 20 dəqiqədən çox davam edirsə, bu, artıq atəşkəs rejiminin pozulması faktı kimi nəzərdən keçirilir.

Biz gözləyirik ki, tərəflər təmas xəttində maksimum səbir nümayiş etdirsin. Daha ciddi pozuntuların qeydə alındığı təqdirdə belə biz tərəflərin rəhbər şəxslər qismində fövqəladə əlaqədən istifadə edəcəyini gözləyirik. Bir çox şey yerlərdə bilavasitə atəşkəs rejiminə əməl edən komandirlərin istəyindən və hissələrdə onların nizam-intizama necə riayət etməsindən də asılıdır.

- Fikrinizcə, 2006-cı ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hansı zəminlər mövcudur?

- Danışıqlar böyük sürətlə davam etdirilir və Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində də danışıqlar daxil olmaqla bir çox görüşlərin yer aldığı dövr ərzində daha da intensivləşib. Həmsədrlər də fəal işləyib. Bunu dövlət başçıları da qeyd və təqdir edib.

2006-cı ildə nə Ermənistanda, nə də Azərbaycanda seçkilərin keçirilməyəcəyi amilini nəzərə alaraq münaqişənin həlli üçün yaxşı və əlverişli məqamlar mövcuddur.

- Siz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin gedişini necə görürsünüz?

- Bütün maraqlı tərəflərin mövqeləri yaxınlaşdırmaq istiqamətində səyləri göz qabağındadır. Ancaq problem son dərəcə mürəkkəb və ağrılıdır. Bununla belə, bu gün "Praqa prosesi"nin raundları ərzində və digər görüşlərdə əldə olunanlar irəliyə doğru yaxşı əsas yaradır. Bu, prezidentlər tərəfindən hər iki xalqın maraqları da nəzərə alınmaqla siyasi nöqteyi-nəzərdən həll olunmalı məsələdir. Hər bir tərəf yadda saxlamalıdır ki, sülhün bağlanmasından əldə olunacaq fayda hər iki xalq üçün əhəmiyyətli olacaq və bu saziş nəzərə alınmaya bilməz.

- Əgər monitorinqlərin təsiri daha çox sual doğurursa, təmas xəttində monitorinqlərin keçirilməsinin mənası varmı?

- Tərəflər dəfələrlə müxtəlif səviyyələrdə bəyan edib ki, monitorinq amili sabitləşdirici effektə malikdir və gərginliyi azaldır.

Bu və ya digər tərəfin bizdən vəziyyəti sabitləşdirmək üçün monitorinqi konkret olaraq müəyyən olunmuş yerdə aparmağı tələb etdiyi hallar olub. Əgər kiminsə həyatı bunun sayəsində xilas olubsa, o zaman mən bunu nailiyyət hesab edərdim. Bundan başqa təmas xəttində vəziyyətin gərginləşməsi təhlükəsi varsa, bu halda monitorinq həm münaqişə tərəfi, həm də ATƏT-in Minsk Qrupu və bu qrupun fəaliyyətdə olan sədri üçün xəbərdarlıqdır.

Monitorinqlər münaqişə tərəfləri arasında hərbi sahədə mühüm etimad alətidir. ATƏT nümayəndələrinə müəyyən əraziyə daxil olmaq icazəsi veriləndə bu, həmin yerdə gizli bir şeyin olmaması deməkdir.

Monitorinq zamanı tərəflərdən alınan məlumatlar bizim hadisənin ciddiliyi ilə bağlı şərhlərimizlə birgə ATƏT rəhbərliyinə və təşkilatın Minsk Qrupuna təqdim olunur. Bizim mandatımız araşdırma qrupunun işinin yüngülləşdirilməsi üçün tərəflər arasında əməkdaşlıq tələb edə bilən araşdırmaları nəzərdə tutmur.

Xəbər lenti

Xəbər lenti